Fransa deputatı həmkarlarını beynəlxalq hüquqa hörmət etməyə çağırdı

1-12-2020, 09:08

Fransa deputatı həmkarlarını beynəlxalq hüquqa hörmət etməyə çağırdı

Fransa Milli Assambleyasında Azərbaycanla Dostluq Qrupunun üzvü, deputat Jerom Lamber ölkəsinin parlamentinin deputatlarına Azərbaycanla bağlı müraciət edib.

"Report"un yerli bürosu xəbər verir ki, müraciət məktubunda deputat həmkarlarını Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs haqqında razılığın şərtlərinə xələl gətirə biləcək sənədlər tərtib etməyi dayandırmağa çağırıb.
Jerom Lamber həmkarlarını bir neçə deputatın beynəlxalq hüquqa zidd mətnlər tərtib etdikləri haqqında məlumatlandırıb: "Üç həftə əvvəl, atəşkəs haqqında müqavilənin imzalanması ilə Azərbaycan ərazisinin bir hissəsini işğal etmiş Ermənistan arasında gedən münaqişəyə son qoyulub. Atəşkəsdən sonra Milli Assambleyamızın bəzi deputatları tərəfindən Ermənistanla Azərbaycan arasındakı münasibətlərə dair bir neçə qətnamə hazırlanıb. Bu mətnlərdə Dağlıq Qarabağdakı separatçı rejimin tanınması çağırışı yer alır. Diqqətinizə çatdırmaq istəyirəm ki, bəzi erməni mənşəli soydaşlarımız tərəfindən Fransada dilə gətirilən və Milli Assambleyada səsləndirilən bu tələb heç bir beynəlxalq hüquq normalarına uyğun gəlmir və tərəflər arasında bağlanmış atəşkəsin şərtlərinə xələl gətirə bilər. Xatırlatmaq istəyirəm ki, BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş və Fransanın da səs verdiyi 884 saylı qətnamədə Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğu bildirilir".
J.Lamber Fransa prezidentlərinin bu günə qədər hər zaman beynəlxalq hüquq normaları ilə qəbul edilmiş Azərbaycanın rəsmi sərhədlərinə hörmət etdiklərini nəzərə çatdırıb: "Respublika Prezidenti Emmanuel Makron bir neçə gün əvvəlki çıxışında Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğunu bir daha xatırladıb. Bu ərazinin müstəqilliyinə çağırış beynəlxalq hüququn, xüsusən də Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qərarları ilə tanınan Ermənistan və Azərbaycan sərhədlərinin toxunulmazlığı prinsiplərini pozacaq. 822, 853, 874 və 884 saylı qətnamələr Fransa tərəfindən qəbul edilib və otuz ilə yaxındır ki, Fransanın keçmiş prezidentləri Fransua Mitteran, Jak Şirak, Nikola Sarkozi, Fransua Olland və hazırkı prezident Emmanuel Makron tərəfindən dəstəklənib.
Dağlıq Qarabağın müstəqilliyinin tanınmasına dair müraciətlər Fransanın qəbul etdiyi beynəlxalq öhdəliklərinə ziddir və beynəlxalq hüquqa hörmət edənlər tərəfindən qəbul edilə bilməz. Fransanın dünyada ölkəmizin adına layiq bir diplomatik mövqe tutmasını istəyiriksə, beynəlxalq hüquqa zidd fikirləri qəbul etməməliyik. Bu, atəşkəs tərəflər arasında sülhün yaranması üçün bir şansdır".




Facebook'da Paylaş