Azərbaycan-Litva münasibətlərinin inkişafına töhfə
Mayın 21-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Litva Respublikasına rəsmi səfəri ölkəmizin xarici əlaqələrinin coğrafiyasının genişlənməsi baxımından mühüm əhəmiyyətə malikdir. Səfər çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilmiş, danışıqlar aparılmış, rəsmi sənədlərin imzalanma mərasimi olmuşdur. Hər iki ölkə arasında imzalanmış sənədlər Azərbaycan-Litva əlaqələrinin daha da inkişaf etdirilməsinə zəmin yaradır.
Mayın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nauseda mətbuata bəyanatlarla çıxış etdilər. Həmin çıxış zamanı Prezident İlham Əliyev iki ölkə arasında əlaqələrin müntəzəm xarakter alacağını, əməkdaşlığın daha da genişlənəcəyini, ikitərəfli münasibətlər çərçivəsində qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə yerinə yetirildiyini bildirdi. Litvanın Prezidenti də çıxışında Azərbaycanın imkanlarını qiymətləndirərkən, ölkəmizin qlobal iqtisadiyyatda oynadığı rolun daha da artacağını, Asiya ilə Avropanın kəsişdiyi məkanda yerləşən Azərbaycanın qlobal ticarətdə ən mühüm rollardan birini oynadığını bildirdi.
Litva Respublikasının ölkəmizə göstərdiyi marağın əsasında da Azərbaycanın son illərdə əldə etdiyi böyük uğurlar dayanır və təsadüfi deyildi ki, ölkə rəhbərinin rəsmi səfəri əməkdaşlıq üçün konkret təkliflərlə müşayiət olundu. Üstəlik, Avropa İttifaqı Azərbaycanın əsas ticari tərəfdaşıdır, Litva da Avropa İttifaqının üzvü kimi bu əməkdaşlıq münasibətlərinin bir parçası olaraq Azərbaycanla əlaqələrin gələcəyinə də inamla baxır.
Bundan əlavə, respublikamızın regionda lider dövlətə çevrilməsi, habelə ölkəmizin hər bir sahədə müstəqil siyasət yeritməsi və enerji siyasətində Avropa məkanı ilə əməkdaşlığa xüsusi önəm verməsi də ölkəmizin tərəfdaşlıq qismində müsbət beynəlxalq imicini formalaşdıran mühüm faktorlardandır. Azərbaycan, eyni zamanda, Litva üçün Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində çox önəmli ölkə, həmçinin bütün İttifaq üçün strateji enerji tərəfdaşıdır. Yeri gəlmişkən, bütün sahələrdə davamlı olaraq inkişaf edən Azərbaycanın qüdrəti beynəlxalq münasibətlər sistemində tutduğu mövqeyindən daha aydın görünür.
Onu da qeyd edək ki, Litva ilə Azərbaycan arasında biznes qurumlarının birgə fəaliyyəti ticarət dövriyyəsinin artırılmasına səbəb olmuşdur. Belə ki, Azərbaycanda xüsusilə nəqliyyat, tikinti, ticarət, xidmət sahələrində Litva investisiyalı kommersiya qurumları fəaliyyət göstərir.
Beləliklə, bu gün Azərbaycanla Litva bir-birini hərtərəfli surətdə dəstəkləyən siyasi, iqtisadi, elmi-texniki və digər sahələrdə tərəfdaş ölkələrdir. Bu iki ölkə arasında münasibətlər başlıca olaraq qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq, müxtəlif sahələr üzrə təcrübə mübadiləsi və bir sıra digər mütərəqqi prinsiplərə söykənir. Əminliklə deyə bilərik ki, Azərbaycan Prezidentinin Litvaya səfəri Azərbaycan-Litva münasibətlərinin yüksələn xətlə inkişafına daha geniş perspektivlər açdı.
Fuad Hüseynzadə, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri
Facebook'da Paylaş