Azərbaycan qadınlarının dövlət idarəçiliyində rolu

8-03-2023, 10:06

Azərbaycan qadınlarının dövlət idarəçiliyində rolu

Hazırda Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsi açılıb
Bu gün Azərbaycan qadınları nəcibliyi, mübarizliyi və dünya görüşü ilə seçilir. Bununla yanaşı, zəhmətkeşlik, qətiyyət, əzmkarlıq və ən əsası ismət Azərbaycan qadınlarına məxsus xüsusi keyfiyyətlərdir. Hazırda Azərbaycan xalqının belə xarakterə malik xanımları ölkədə və xaricdə ictimai-siyasi proseslərdə fəallıq göstərirlər. Dövlət müstəqilliyimizin bərpasından sonra ötən dövr ərzində Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr verib. Elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurları ilə o öz nüfuzunu ilbəil artırmağa müvəffəq olmuşdur. Vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qadınlarımızın nailiyyətləri məmnunluq hissi doğurur. Bu baxımdan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyət xəttinə nəzər saldıqda konkret kompleksləşdirilmiş tədbirlər yolu görünür. Yəni, Mehriban xanım Əliyevanın fəaliyyəti çoxşaxəli olmasına baxmayaraq, bütün bu əməli addımlar yalnız bir nöqtəyə vurur: Azərbaycan xalqının zəngin mədəni-mənəvi irsinin qorunub saxlanılması və təbliğ edilməsi. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Ölkənin “Yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir, prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.
Hazırda Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsi açılıb, idarəetmədə qadınların rolu daha da artıb. Birinci vitse-prezident ölkəmizdəki qadın hərəkatı tarixində ilk şəxsiyyətdir ki, maarifçilikdən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət məkanını əhatə edir. Mehriban xanımın təşəbbüsü ilə həyata keçirilən tədbirlər təkcə Azərbaycanla məhdudlaşmır, eyni zamanda sülh və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması üzrə aktual məsələləri də əhatə edir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın çoxşaxəli və xoşməramlı fəaliyyəti dünya mediasının da diqqətindədir. ABŞ-ın nüfuzlu “Washington Times” qəzeti yazır: “Azərbaycanın birinci xanımı: Müsəlman qadınlar üçün nümunəvi qadın obrazıdır”. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı UNİCEF-in uzunmüddətli xoşməramlı səfiri olmuş, məşhur Hollivud ulduzu Audrey Hepburnla müqayisə edən müəllif onun Azərbaycan qadınları üçün nümunə olduğunu yazıb. Məqalədə bildirilir ki, Bakıda “Qadınların mədəniyyətlərarası dialoqun dərinləşməsində artan rolu”na həsr olunmuş beynəlxalq konfransın iştirakçıları qarşısında 3 dildə - Azərbaycan, ingilis və rus dillərində çıxış edən Mehriban Əliyeva Şərq dünyasında ilk seçmək hüququnun məhz Azərbaycan qadınına verildiyini bir neçə dəfə vurğulayıb. Müəllif qeyd edib ki, məhz 1918-ci ildə Azərbaycan qadınlarına verilən hüquqların müasir Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkə də təsiri olub. Bütün bu qeyd edilən məsələlərə əsasən deyə bilərik ki, bu gün Mehriban xanım Əliyevanın Azərbaycanı dünyada mədəniyyət carçısı, sivilizasiyalararası dialoq, mültikulturalizm və tolerantlıq məkanı kimi təqdim etməsi Prezident İlham Əliyevin müzəffər lider portretini uğurla tamamlayır.

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu




Facebook'da Paylaş