Ukraynanın ilk Fəxri konsulluğu Şamaxıda açıldı

9-11-2020, 17:54

Ukraynanın ilk Fəxri konsulluğu Şamaxıda açıldı

Azərbaycanda Ukraynanın ilk fəxri konsulluğu açılıb.
Ukraynanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən verilən məlumata görə, açılış mərasimi Şamaxı şəhərində olub.
Ukraynanın fəxri konsulluğunun açılış mərasiminə qatılan Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski bundan sonra Ukraynanın bir hissəsinin qədim və əzəmətli Şamaxı şəhərində olacağına görə dövlət rəhbərliyinə, eləcə də Şamaxı rayon icra hakimiyyətinə təşəkkür edib. Ukraynanın diplomatik missiyasının rəhbəri bu günkü əlamətdar hadisənin xüsusi məna və simvolizmlə dolu olduğunu vurğulayaraq Azərbaycan xalqını mühüm dövlət bayramı münasibətilə də təbrik edib. O, Azərbaycanın qarşısında duran bütün çətinliklərin öhdəsindən gəlməyi, eləcə də sülh, firavanlıq və çiçəklənmə arzu edib.
"Ukrayna bu gün vətəninin suverenliyini və ərazi bütövlüyünü müdafiə edən qardaş Azərbaycan xalqının hisslərini hamıdan yaxşı başa düşür. Bu dövrdə həm Ukrayna, həm Azərbaycan xalqı öz torpaqlarında, evlərində dinc yaşamaq, gələcək üçün planlar qurmaq və sülh səması altında çalışmaq üçün ağır sınaq qarşısındadır - Vətənə sədaqət və sevgi sınağı qarşısında", - səfir açılış mərasimində çıxışı zamanı bildirib.




Facebook'da Paylaş