Avstriya kansleri: "İsveç və Finlandiyadan nümunə götürərək NATO-ya daxil olmaq fikrində deyilik

19-07-2022, 09:00

Avstriya kansleri: "İsveç və Finlandiyadan nümunə götürərək NATO-ya daxil olmaq fikrində deyilik

Avstriya İsveç və Finlandiyadan nümunə götürüb NATO-ya daxil olmağı planlaşdırmır.

Ordum.az Bratislavanın “Pravda” qəzetinə istinadən xəbər verir ki, bu barədə Avstriya kansleri Karl Nehammer Vyanada mətbuat konfransı zamanı bildirib.

Nehammer vurğulayıb ki, ölkəsi hərbi neytrallıqlarını yenidən nəzərdən keçirən və NATO-ya üzv olmağa çalışan İsveçlə Finlandiyanın addımlarını təkrarlamaq niyyətində deyil.

O, həmçinin qeyd edib ki, Avstriya Avropa İttifaqının təhlükəsizlik sahəsində siyasətinə sadiqdir və həmçinin özünün müdafiəsinə investisiyaları artırmağı planlaşdırır.

Xatırladaq ki, iyunun 29-da baş tutan sammitdə NATO liderləri rəsmi olaraq İsveç və Finlandiyanı alyansa qoşulmağa dəvət ediblər.

İyulun 5-də Finlandiya və İsveçin xarici işlər nazirləri NATO-ya üzv olmaq haqqında protokollar imzalayıblar. 2022-ci il iyulun 1-dən alyansa qoşulmaq üçün İsveç Türkiyə ilə əldə olunan razılaşmanın bir hissəsi olaraq terror cinayətləri ilə bağlı qanunu sərtləşdirməyə razılaşıb. Sənədə əsasən, İsveç, Finlandiya və Türkiyə terrorizmlə mübarizə, o cümlədən PKK-ya qarşı tədbirlər sahəsində əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.




Facebook'da Paylaş