Ali Baş Komandan: "İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir
"Bu gün biz Silahlı Qüvvələr Gününü Kəlbəcərdə qeyd edirik, azad olunmuş Kəlbəcərdə. Eyni zamanda, bu gün Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsi açılır".
Ordum.az-ın xəbərinə görə, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da - Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə deyib.
"Altı ay bundan əvvəl, dekabrın 24-də birinci komando hərbi hissəsi azad edilmiş Hadrutda istifadəyə verilmişdir. Bu gün Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsini açırıq. Bu, onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir və komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir.
Bu gün Silahlı Qüvvələrimizlə fəxr edə bilərik. Bu gün biz müzəffər xalq kimi, qalib ölkə kimi Ordu Gününü qeyd edirik. İşğal illəri dövründə hərbçilərlə çoxsaylı görüşlərdə - hərbi hissələrdə, səngərlərdə, Lələtəpə zirvəsində, hərbi paradlarda hər zaman deyirdim ki, gün gələcək biz öz doğma torpaqlarımızı qaytaracağıq. Hər zaman deyirdim ki, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmasa, biz hərbi yolla Qarabağ məsələsini həll edəcəyik. Belə də oldu. Müzəffər Azərbaycan Ordusu tarixi missiyanı şərəflə yerinə yetirdi", - Prezident vurğulayıb.
Facebook'da Paylaş