Zakir Həsənov zabitlər və psixoloqlar ilə toplantı keçirib

29-04-2022, 16:14

Zakir Həsənov zabitlər və psixoloqlar ilə toplantı keçirib

Aprelin 29-da Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində ideoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlər və psixoloqlar ilə toplantı keçirilib.

Bu barədə Ordum.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Toplantıda birlik, birləşmə, əlahiddə hərbi hissə komandirlərinin və xüsusi təyinatlı hərbi təhsil müəssisələri rəislərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinləri, hərbi psixoloqlar, eləcə də Azərbaycanın Hərbi Prokurorluğunun, Daxili İşlər Nazirliyinin, Bakı şəhər Narkoloji Mərkəzinin nümayəndələri iştirak ediblər.

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov toplantı iştirakçıları ilə görüşüb.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Müdafiə naziri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları toplantı iştirakçılarının nəzərinə çatdırıb. Dövlət başçısının diqqət və qayğısı nəticəsində hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər sayəsində şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin daha da yüksəldiyini qeyd edib.

Azərbaycan Ordusunda hərbi intizamın yüksəldilməsi məqsədilə görülən işləri müsbət qiymətləndirən nazir ideoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlər və psixoloqların bu sahədə üzərlərinə düşən vəzifələrindən danışıb.

Müdafiə naziri şəxsi heyət arasında tərbiyə işində fərdi yanaşma metoduna üstünlük verilməsinin əhəmiyyətini, eləcə də qarşılıqlı münasibətlərin qurulmasında nizamnamələrin tələblərinə ciddi əməl edilməsini xüsusi vurğulayıb.

Hərbi kollektivlərdə sağlam mühitin formalaşmasında ictimai-siyasi və fiziki hazırlıq üzrə məşğələlərin rolundan söz açan general-polkovnik Z.Həsənov funksional vəzifələrin icrası zamanı şəxsi nümunə və məsuliyyət bölgüsü amillərinə üstünlük verilməsini tövsiyə edib.

Sonra müdafiə naziri tərbiyəvi işin planlı şəkildə aparılması, qoşunların döyüş tapşırıqlarını yerinə yetirməyə hər an hazır olmaları üçün ideoloji iş və mənəvi-psixoloji təminatın daha da gücləndirilməsi ilə bağlı konkret göstərişlər verib.

Toplantıda şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığına, vətənpərvərlik hissinə təsir edən bir çox mövzular ətrafında fikir mübadiləsi aparılıb, mühazirələr dinlənilib və maraq doğuran suallar cavablandırılıb.




Facebook'da Paylaş