Hərbi Hava Qüvvələrinə həsr olunan tədbir keçirilib

14-02-2022, 20:42

Hərbi Hava Qüvvələrinə həsr olunan tədbir keçirilib

Fevralın 14-də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Azərbaycan Hərb Tarixi Muzeyinin təşkilatçılığı ilə “Hava şahinlərimizin Vətən müharibəsinin qazanılmasında rolu” adlı tədbir keçirilib.

Ordum.az xəbər verir ki, tədbirdə Müdafiə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, xüsusi təyinatlı təhsil müəssisələrinin və ictimaiyyətin nümayəndələri, birinci Qarabağ müharibəsində iştirak etmiş veteran helikopterçilər iştirak ediblər.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Polkovnik Elşad Pənahov Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun və müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirovun adından şəxsi heyəti əlamətdar gün münasibətilə təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Vətən Müharibəsi qəhrəmanları general-mayor Namiq İslamzadə və polkovnik Rəşad Nadirov çıxış edərək HHQ-nin yaranmasından, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilən islahatlardan, pilotlarımızın yüksək pilotaja malik olmalarından, eləcə də Vətən müharibəsində HHQ-nin hərbi qulluqçularının göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən danışıblar.

Digər çıxış edənlər də ölkə Prezidentinin diqqət və qayğısı sayəsində şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, aviabazaların maddi-texniki təminatının gücləndirilməsi, uçuş və texniki heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində mühüm işlərin görüldüyünü vurğulayıblar.

Bildirilib ki, HHQ-nin şəxsi heyəti Vətən müharibəsində olduğu kimi, bundan sonra da Ali Baş Komandanın istənilən döyüş əmrini hər an yerinə yetirməyə hazırdır.

Sonra HHQ-ə həsr olunan qısametrajlı film nümayiş olunub.

Tədbir Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin kollektivinin təqdimatında konsert proqramı ilə başa çatıb.





Facebook'da Paylaş