Samir Nuriyevin sədrliyi ilə Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib

16-04-2022, 16:33

Samir Nuriyevin sədrliyi ilə Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib

Prezident Administrasiyasının rəhbəri, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın növbəti iclası keçirilib.

Ordum.az xəbər verir ki, iclası giriş sözü ilə açan Qərargahın rəhbəri Samir Nuriyev Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə zamanı verilmiş tapşırıqları qeyd edərək, bu tapşırıqların növbəti bir il üçün Əlaqələndirmə Qərargahının fəaliyyətinin əsasını təşkil edəcəyini diqqətə çatdırıb.

İclasın gündəliyində qarşıda duran qısa və uzunmüddətli hədəflərdən irəli gələn müxtəlif məsələlər yer alıb, bununla bağlı müvafiq məruzələr dinlənilib, həmçinin işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialının qiymətləndirilməsi, dayanıqlı məskunlaşma, məşğulluq, iqtisadi inkişaf perspektivləri və digər məsələlərlə bağlı müzakirələr aparılıb.

Daha sonra Nazirlər Kabineti və Əlaqələndirmə Qərargahı üzvlərinin martın 2-də keçirilən Şuşa müşavirəsindən irəli gələn məsələlər, o cümlədən şəhərsalma, yay mövsümünün yaxınlaşması ilə bağlı su təchizatı məsələləri, tarix və mədəniyyət abidələrinin bərpası və digər məsələlər ətraflı müzakirə edilib, vəzifələrin icrası ilə əlaqədar növbəti addımlar müəyyən olunub və müvafiq tapşırıqlar verilib. Bütün məsələlərin həllində hədəfyönümlü və sistemli fəaliyyətin, habelə qurumlararası, o cümlədən Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndələri ilə əlaqələndirmənin əhəmiyyəti qeyd olunub.

İclasın sonunda Qərargahın rəhbəri Samir Nuriyev işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa fəaliyyətinin Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi, eləcə də işlərin artan miqyasına müvafiq şəkildə aparılması üçün Əlaqələndirmə Qərargahının fəaliyyətinin də çevikliyinin təmin olunmasının vacibliyini vurğulayıb.




Facebook'da Paylaş