Hərbi hospitalın yaradılmasının 30-cu ildönümü qeyd olunub

14-04-2022, 15:30

Hərbi hospitalın yaradılmasının 30-cu ildönümü qeyd olunub

Aprelin 14-də Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının yaradılmasının 30-cu ildönümünə həsr olunmuş tədbirdə iştirak ediblər.

Bu barədə Ordum.a-a Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə hospitalın həyətində ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyulub, ulu öndərin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tibb personalı ilə görüşən müdafiə naziri onları əlamətdar gün münasibəti ilə təbrik edib, şərəfli və məsuliyyətli xidmətlərində uğurlar arzulayıb.

General-polkovnik Z.Həsənov ulu öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində başladığı işlərin Ölkə Başçısı tərəfindən bu gün də uğurla davam etdirildiyini bildirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində aparılan islahatlar nəticəsində bütün istiqamətlərdə olduğu kimi, hərbi tibb sahəsində də əldə olunan uğurlardan danışıb.

Müdafiə naziri hospitalın bugünkü elmi-texniki bazasının nəzdində elmi işlərin və araşdırmaların geniş aparılması, tibb heyətinin peşəkarlığının daha da artırılması üçün bütün imkanların mövcudluğunu qeyd edib.

Nazir Vətən müharibəsində hərbi həkimlərimizin və tibb personalının göstərdiyi fədakarlıqların Ali Baş Komandan tərəfindən yüksək qiymətləndirildiyini xüsusi vurğulayıb. Dövlətimizin diqqət və qayğısı nəticəsində Vətən müharibəsi dövründə sağlamlığını itirmiş 259 nəfərin xarici ölkələrə müayinə və müalicəyə göndərildiyini, onların böyük əksəriyyətinin müalicəsini başa vuraraq Vətənə qayıtdıqlarını diqqətə çatdırıb.

Qeyd olunub ki, Azərbaycan Prezidentinin müvafiq fərmanının tələblərinə əsasən 1997-ci ilin 2 avqust tarixinə kimi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 17995 şəhadətnamə elektron informasiya alt sisteminə yerləşdirilib.

General-polkovnik Z.Həsənov Vətən müharibəsi zamanı yaralıların döyüş meydanından təxliyə olunması, 11 110 nəfərə tibbi yardımın göstərilməsi və tezliklə sağalması üçün əllərindən gələni edən tibb işçilərinə təşəkkürünü bildirib.

Müdafiə naziri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları aidiyyəti üzrə çatdırıb, tibb xidmətinin daha da təkmilləşdirilməsi ilə bağlı göstərişlər verib.

Digər çıxış edənlər bölmələrdə yaradılan müasir şəraitə görə Dövlətimizin Başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Vurğulanıb ki, müasir tibbi cihaz və avadanlıqlarla təchiz olunmuş müalicə korpusları hərbi qulluqçularımıza və onların ailə üzvlərinə yüksək səviyyədə xidmət göstərməyə imkan verir. Tibb personalı bundan sonra da hospitalın bütün imkanları ilə hərbçilərimizin sağlamlığının qorunub saxlanılmasına çalışacaqlarına, Ölkə Başçısının və Müdafiə Nazirliyi rəhbərliyinin tapşırıqlarını layiqincə və yüksək peşəkarlıqla icra edəcəklərinə söz veriblər.

Sonda hərbi hospitalın xidmətdə fərqlənən, yüksək nizam-intizamı ilə seçilən bir qrup əməkdaşı mükafatlandırılıb.

Tədbir Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin kollektivinin təqdim etdiyi konsert proqramı ilə başa çatıb.




Facebook'da Paylaş