Hulusi Akar: "Ukraynada atəşkəsin təmin olunması üçün təmaslarımızı davam etdiririk”

22-03-2022, 13:39

Hulusi Akar: "Ukraynada atəşkəsin təmin olunması üçün təmaslarımızı davam etdiririk”

"Türkiyə Silahlı Qüvvələri olaraq güclü olmağımız vacibdir. Hər ehtimala qarşı hər zaman hazırlıqlı olmaq lazımdır".

Ordum.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Nazir qeyd edib ki, Rusiya ilə Ukrayna arasında silahlı toqquşma davam edir: "Hər iki ölkə bizim dəniz qonşumuzdur. Hər iki ölkə ilə əlaqələrimiz var. Bu toqquşmanın ən qısa vaxtda dayanmasını, atəşkəsin təmin olunmasını, regionda sülhün və sabitliyin bərqərar olmasını istəyirik. Humanitar yardımlar da daxil olmaqla indiyədək əlimizdən gələni etmişik və bundan sonra da edəcəyik. Bizim hansısa formada sanksiyalara əməl etməməyimiz müzakirə mövzusu deyil. BMT-nin sanksiyalarına uyğun davranırıq. Həmçinin tərəflərin görüşməsi, müzakirəsi və atəşkəsin təmin olunması üçün təmaslarımızı davam etdiririk”.

H.Akar həmçinin Ukraynanın Mariopol şəhərindəki durum və oradakı Türkiyə vətəndaşlarının təxliyəsi barədə də məlumat verib: “Təxliyələr davam edir. Nazirlik səviyyəsində həm Rusiya, həm də Ukrayna ilə təmaslarımızı davam etdiririk. Oradakı günahsız insanların ən qısa vaxtda təxliyəsi üçün səy göstərməkdəyik. Qarşıdakı günlərdə, saatlarda bunun baş verməsini gözləyirik. Bizim Kiyevdə 2 təyyarəmiz var. Onların ən münasib vaxtda təxliyəsindən ötrü hər iki tərəflə təmaslarımız davam edir”.




Facebook'da Paylaş