Bakı Qarnizonunda döyüş hazırlığı ilə bağlı müşavirə keçirilib

8-07-2019, 13:14

Bakı Qarnizonunda döyüş hazırlığı ilə bağlı müşavirə keçirilib
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 2019-cu ilin 2-ci rübünün yekunlarına dair Bakı Qarnizonunda döyüş hazırlığının və hərbi nizam-intizamın vəziyyətinin təhlilinə dair müşavirə keçirilib.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Ordum.az-a verilən məlumata görə, tədbirdə qarnizonda yerləşən hərbi hissələrin komandirləri, xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin rəhbərləri və digər vəzifəli şəxslər iştirak ediblər. 
Müşavirədə Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev cari ilin 2-ci rübü ərzində qarnizon ərazisində görülən işlər, əldə olunmuş uğurlar barədə çıxış edib və qarnizonda döyüş hazırlığının, hərbi nizam-intizamın yüksəldilməsi, eləcə də növbəti tədris dövrünə hazırlıq prosesinin lazımi səviyyədə təşkil olunması ilə əlaqədar müvafiq tapşırıqları vəzifəli şəxslərin diqqətinə çatdırıb. 
Müdafiə nazirinin müavini şəxsi heyətin nizam-intizamının möhkəmləndirilməsi, yanğın təhlükəsizliyinin və yanğına qarşı tədbirlərin yerinə yetirilməsinin təmin olunmasına nəzarətin gücləndirilməsi, eləcə də keçirilən praktiki dərs və təlimlər zamanı şəxsi heyətin təhlükəsizlik qaydalarına ciddi riayət olunması, sürücü heyətin peşəkarlığının artırılması və yol hərəkəti qaydalarına əməl edilməsi məqsədilə vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub.




Facebook'da Paylaş