Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev fevralın 13-də Müdafiə Nazirliyinin yeni inşa edilmiş “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olub.
Hərbi Jurnalistlər Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov Ali Baş Komandana raport veriblər.
Dövlət başçısına bildirilib ki, 13 hektar ərazidə yerləşən hərbi hissənin inşasına 2017-ci ildən başlanılıb. Tikintinin birinci mərhələsi başa çatdırılıb.
İikinci mərhələsi üzrə iş aparılan Hərbi şəhərcikdə inzibati, xidməti, yaşayış, texniki binalar inşa olunub, qurğular yerləşdirilib. Şəxsi heyətin uzunmüddətli yerləşdirilməsi məqsədilə yataq, məişət və xidməti sahələrdən ibarət əsgər yataqxanaları tikilib. Ailəli hərbi qulluqçuların yerləşdirilməsi üçün birmərtəbəli dörd xidməti yaşayış binasında 32-si üçotaqlı, 16-sı ikiotaqlı olmaqla 48 mənzilin tikintisi davam etdirilir.
Təntənəli mərasim və tədbirlərin keçirilməsi üçün sıra meydanı da salınıb. Şəxsi heyətə ixtisaslı tibbi yardımın göstərilməsi məqsədilə ərazidə xüsusi tibbi avadanlıqla təchiz edilmiş tibb məntəqəsi, qarovul məntəqəsi, yemək zalından, yeməkbişirmə, təsərrüfat otaqlarından, ərzaq və soyuducu anbarlarından ibarət yeməkxana binası inşa olunub. Ərazidə hamamxana-camaşırxana-qazanxana kompleksi yaradılıb. Hərbi hissədə avtomobil və xüsusi texnikanın yerləşdirilməsi üçün park da salınıb.
Prezident İlham Əliyev yeməkxanada yaradılan şəraitlə maraqlanıb, əsgərlərlə birlikdə nahar edib.