Bu gün II Fəxri xiyabanda Azərbaycanın 7 nəfər xüsusi təyinatlı kəşfiyyatçısının torpağa tapşırılmasının 21 illiyi ilə əlaqədar anım mərasimi keçirilib. Mərasimdə kəşfiyyat rupunun rəhbəri olmuş polkovnik Xətai Baxışov, ehtiyyatda olan polkovniklər, qaziləri, QHT nümayəndələri və şəhidlərin yaxınları iştirak ediblər. Onlar şəhidlərimiz üçün dualar oxuyub, məzarları üzərinə qərənfillər düzüb, xatirələrini bölüşüblər.
Qeyd edək ki, 1997-ci il aprelin 7-də iki kəşfiyyat qrupu xüsusi tapşırıqla Qarabağa göndərilib. Qrup düşmənin arxasına keçərək tapşırığı yerinə yetirib. Birincin qrup itkisiz qayıdıb, lakin ikinci qrupu bir erməni görüb. Bundan sonra döyüş başlayıb. Ermənilər kəşfiyyat qrupunu mühasirəyə alıb və təslim olmalarını tələb ediblər. Təslim haqqında təklif döyüşçülərimiz tərəfindən rədd edildikdən sonra ağır döyüş başlayıb.
Üç gün ərzində cəsur kəşfiyyatçılarımız düşmənin xeyli canlı qüvvəsini məhv edib. Güllələri qurtardıqda düşmənin əlinə keçməmək üçün özlərini qumbara ilə partladıblar. 8 nəfər heyətdən ibarət olan qrupun yeddi üzvü şəhid olub, onlardan biri Əhmədov Aqil Mürsəl oğlu ağır yaralanaraq huşsuz vəziyyətdə əsir düşüb. Erməni məhkəməsi Aqilə güllələnmə cəzası kəsib. Ancaq mərhum Prezident Heydər Əliyevin apardığı danışıqlardan sonra Aqili dəyişmək mümkün olub. Yeddi şəhidimizin nəşi isə düşməndən alınaraq Bakıdakı II Şəhidlər xiyabanında dəfn edilir.
https://youtu.be/_y2PmwREv0M