Daxili İşlər Nazirliyi əhaliyə müraciət edib

29-09-2021, 13:50

Daxili İşlər Nazirliyi əhaliyə müraciət edib


Daxili İşlər Nazirliyi bəzi məhdudiyyətlərin oktyabrın 1-dən aradan qaldırılması ilə bağlı əhaliyə müraciət edib
Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə Nazirlər Kabinetinin qərarına uyğun olaraq, oktyabrın 1-dən etibarən mədəniyyət obyektləri, kinoteatrlar, teatrlar və konfrans zalları, istirahət və əyləncə məkanları, həmçinin uşaq əyləncə məkanları (bulvar və parkların ərazisində olanlar daxil olmaqla), habelə iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrların saat 00:00-dək fəaliyyəti bərpa edilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanları kateqoriyasına kompüter-oyun (PlayStation) zal və salonları da daxildir.
Bu sahələrin qapalı məkanlarında göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportuna sahib olduqları halda istifadə edə bilərlər. Yaşı 18-dən yuxarı olmayan şəxslərdən isə COVID-19 pasportu tələb edilmir. Müəyyən səbəblərdən peyvənd oluna bilməyən şəxslər COVID-19 pasportunun tələb edildiyi məkanlara infeksiya əleyhinə peyvəndə əks-göstəriş sertifikatı ilə daxil ola bilərlər.
Fəaliyyəti bərpa olunan digər qapalı məkanlarda olduğu kimi, kompüter-oyun (PlayStation) zal və salonlarında tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə, sosial məsafənin qorunması və əl gigiyenası kimi ümumi qaydalara, habelə tətbiq edilən digər tələblərə riayət olunmalıdır. Bununla bağlı müvafiq nəzarət tədbirlərinin icrası diqqətdə saxlanılacaq, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması aşkarlandığı hallarda fiziki və hüquqi şəxslər uyğun olaraq inzibati məsuliyyətə cəlb ediləcəklər.
COVID-19 pasportu tələb olunan iş və xidmət sahələri üzrə fəaliyyət göstərən məkanlarda qeydə alınan pozuntu hallarına görə məkan sahibi birbaşa cavabdehlik daşıyır.




Facebook'da Paylaş