Elçinin xatirəsi əbədiləşdirildi

24-08-2021, 14:23

Elçinin xatirəsi əbədiləşdirildi


Avqustun 24-də Binəqədi rayonunun Sulutəpə qəsəbəsində cəbrayıllı şəhid, Sərhəd Qoşunlarının baş leytenantı Elçin Əzizovun adına salınmış parkın, onun büstünün və bulaq kompleksinin açılış mərasimi keçirilib. Şəhidin xatirəsinin əbədiləşdirildiyi bu park, onun şərəfinə qoyulan büst və hazırlanmış bulaq kompleksi Elçin Əzizovun ailəsinin şəxsi vəsaiti hesabına ərsəyə gəlib.
Tədbirdə şəhid ailələri, hərbçilər, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər. Öncə Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin dövlət himnləri səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi sükutla yad edilib.
Çıxış edənlər Sərhəd Qoşunlarında xüsusi təyinatlı kimi şərəfli xidmət yolu keçmiş baş leytenant Elçin Əzizovun vətənə, torpağa sevgisindən, cəbhədə göstərdiyi qəhrəmanlığından söz açıblar.
Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva xatırladıb ki, Elçin Əzizov hələ 2016-cı ildə baş verən Aprel döyüşlərində göstərdiyi fədakarlığa görə baş leytenant hərbi rütbəsinə layiq görülmüş, bir sıra orden və medalllarla təltif olunmuşdu.
O, 44 günlük Vətən müharibəsində qazanılmış böyük qələbədə Elçin Əzizovun da payının olduğunu qeyd edərək, şəhidin ailəsinə təşəkkür edib.
Milli Məclisin Cəbrayıldan olan deputatı Ceyhun Məmmədov Elçin Əzizov kimi igid, qorxmaz oğullar sayəsində 30 il işğalda qalmış torpaqlarımızın azad olunduğunu vurğulayıb, belə qəhrəmanların gənclər üşün örnək olduğunu qeyd edib.
Dövlət Sərhəd Xidmətinin hərbçiləri Elçin Əzizovla bağlı xatirələrini bölüşüblər.
Milli Qəhrəman Polad Həşimovun qardaşı İlham Həşimov isə rəsmi qurumları şəhid ailələrinə diqqəti artırmağa çağırıb. O, bu cür xatirə guşələrinin şəhid ailələrinin öz vəsaiti hesabına salınmasından təəssüfləndiyini vurğulamağı da unutmayıb.
Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev Elçin Əzizovun adına salınmış xatirə komleksinə görə bu işin təşəbbüskarına - şəhidin dayısı Vaqif Əhmədova təşəkkürünü bildirib, onu rəhbəri olduğu təşkilatın fəxri üzvü elan edib.
Xalq artisti Nurəddin Mehdixanlı Elçin Əzizov kimi oğul yetişdirmiş ailəyə təşəkkür edib.
Sonra tanınmış bəstəkar Ruslan Səfəroğlu şəhidin xatirəsinə bəstələdiyi mahnını ifa edib. Həzin və kədər dolu musiqi mərasimdə iştirak edənlərin hər birini təsirləndirib.
Tədbirdə iştirak edən məktəblilər isə Elçin Əzizovun adına yazılmış şeirlər səsləndiriblər.
Sonda şəhidin anası Mələk Əhmədova oğlunu yad etmək üçün mərasimə gələnlərə təşəkkür edib.
Elçin Əzizivonun 4-cü sinifdə oxuyan oğlu Yusif atasının hansı amal uğrunda canını fəda etdiyini söyləyərək, onunla fəxr etdiyini bildirib.
Xatırladaq ki, baş leytenant Elçin Əvəz oğlu Əzizov 1985-ci il martın 31-də Cəbrayıl rayonun Böyük Mərcanlı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra - 2002-ci ildə Azərbaycan Texniki Universitetinə qəbul olunub.
Universiteti bitirdikdən sonra, 2006-cı ildə Azərbaycan Respublikası Daxili Qoşunların hərbi hissəsində hərbi xidmətdə olub. Hərbi xidmətdə olduğu müddətdə Azərbaycanın Milli Qəhrəmanı, Şəhid Mübariz İbrahimovla birlikdə döyüş yolu keçib.
Elçin Əzizov 2007-ci ildə hərbi xidmətdən tərxis olunub.

2008-ci ildə dayısı qızı Cevda Əhmədova ilə ailə həyatı quran Elçinin bu evlilikdən 3 övladı dünyaya göz açıb: Yusif, Duyğu və Uğur. 2012-ci ildə Elçin Əzizov Sərhəd Qoşunlarının çevik hərəkət dəstəsində gizir rütbəsi ilə yenidən hərbi xidmətə başlayıb.
Nümunəvi xidmətə görə, Dövlət Sərhəd Xidməti rəisinin 29 dekabr 2013-cü il tarixli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” (1918-2013) yubiley medalı, 3 dekabr 2014-cü il tarixli əmri ilə “Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi” (1919-2014) yubiley medalı, 18 avqust 2015-ci il tarixli əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı, 14 avqust 2019-cu il tarixli əmrilə “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi” (1919-2019) yubiley medalı ilə təltif olunub. 2016-cı ildə Aprel döyüşlərində göstərdiyi qəhrəmanlığa görə baş leytenant rütbəsi alıb. Ölkə prezidentinin 16 avqust 2018-ci il tarixli sərəncamı ilə “Hərbi xidmətə görə” medalı, 16 avqust 2019-cu il tarixli sərəncamı ilə isə “Vətən uğrunda” medalı ilə təltif olunub.
2020-ci ilin sentyabr ayının 27-də Vətən müharibəsinə yollanın Elçin Murovdağ, Füzuli və Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 13-də baş leytenant Elçin Əzizov doğma Cəbrayıl rayonunun Sarıcallı kəndində ağır yaralanmış hərbçilərimizi xilas etməyə - savaş meydanından çıxarmağa gedərkən şəhid olub. Şəhidimiz Bakıdakı İkinci Fəxri Xiyabanda dəfn edilib.
Baş leytenat Elçin Əzizov ölümündən sonra Azərbaycan Prezidentinin sərəncamları ilə “Vətənə xidmətə görə” III dərəcəli orden, “Vətən uğrunda” və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.


Ə.Qafarlı




Facebook'da Paylaş