“Şərt irəli sürülə bilməz”- deyən Minsk Qrupuna şərtimiz var

16-04-2021, 14:37

“Şərt irəli sürülə bilməz”- deyən Minsk Qrupuna şərtimiz var


Şərt irəli sürülə bilməz”- deyən Minsk Qrupuna şərtimiz var
Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenkonun Bakı səfəri ilə ATƏT-in Minsk Qrupunun son bəyanatının zaman eyniliyi təsadüf də ola bilər, amma bəzi detalların üst-üstə düşməsi düşündürücüdür.
Belarus Respublikasının prezidenti A.Lukaşenkonun Bakıya səfərinin rəsmi tərəfini hər kəs izlədi və Azərbaycanla yaxşı münasibətlərdə olan Belarus liderinin Azərbaycan dövlət başçısının və ölkəmizin ünvanına söylədiyi mehriban sözlərin, çıxışın şahidi olduq. Rəsmi sənədlərin imzalanması da öz yerində. Belarus prezidentinin Azərbaycan-Ermənistan münasibətlərinin perspektivi haqqında isə xüsusi dayanması, bir daha iki respublika arasında gərginliyin olmamasını arzulaması, hətta Azərbaycan tərəfin gələcəkdə məğlub Ermənistanı zəif düşürəcək bəyanatlar verməyəcəyinə də ümid etdiyini özünəməxsus ifadələrlə çatdırdı. Açığı, A.Q.Lukaşenkonun Ermənistanla perspektiv münasibətlərə xüsusi zaman ayırması və hətta canfəşanlıq elementlərinin olduğu diqqətli insanların nəzərindən qaçmadı. Rusiya mətbuatında yayılan bir rəsmi xəbər Belarus prezidentinin Bakıya səfərinin başqa tərəflərinin olduğuna da ehtimal verir.
Kremlin mətbuat xidmətinin məlumatına görə Vladimir Putinlə Aleksandr Lukaşenko arasında aprelin 15-də telefon danışığı olub. Xəbərdə deyilir ki, telefon danışığında Belarus prezidentinin Azərbaycana səfəri və Dağlıq Qarabağ məsələsi də müzakirə edilib. Rusiya ilə Azərbaycan arasında “İsgəndər” problemi və İrəvana enən boş təyyarə krizi yaşandığı bir vaxtda Belarus prezidenti bəzi məsələlərin yoluna qoyulması üçün Rusiyanın elçisi rolunda ola bilərmi? Yoxsa, Rusiya ilə Belarus arasında müzakirə olunacaq xeyli problemlərin mövcud olduğu bir dönəmdə Qarabağ mövzusu nədən A.Lukaşenkonun geri qayıtmasından 24 saat keçməmiş telefonda müzakirə edilsin?
Əlbəttə, Rusiya qoşunları Qarabağdadır, ən azı 5 il də qalasıdır. Deməli, Qarabağdan çox Ermənistanla bağlı məsələlər müzakirə oluna bilər. Seçki ərəfəsində Rusiyanın Ermənistanla bağlı siyasəti budur ki, Azərbaycan ritorikasını yumşaltsın, Ermənistanı sıxışdırmasın, “hərbi əsirlər” tezliklə təhvil verilsin, “İsgəndər” məsələsinin üzərinə gedilməsin və sairə.
30 ildə zülm çəkən 700 mindən çox Qarabağ qaçqının halını bir dəfə sormayanlar, indi birbaşa və dolayısı ilə ermənilərin qayğısına qalırlar. O cümlədən yenidən xortlamış Minsk Qrupu.
Minsk Qrupunun yenidən dövrəyə girməsi bizim əleyhimizədir. Bu onların son bəyanatından da açıq görünür. Rusiya-Fransa-ABŞ triumvratı indiyədək hansı ədalət nümunəsi göstəriblər ki, bu gündən sonra da tələb edirlər ki, həmsədrlərin vasitəçiliyi ilə siyasi dialoq başlansın? Və tələb edirlər ki, danışıqlara “əvvəlcədən heç bir şərt irəli sürmədən” başlamaq lazımdır. Amma, şərti sevməyən həmsədrlər yekunda dayanaqlı sülh üçün tərəflərə “yaxşı məlum olan element və prinsiplərə” əməl etməyi şərt kimi irəli sürür. Yəni, yekunda “müqəddaratı təyin etmə” olmalıdır. Müharibə bitəndən sonra Minsk Qrupunun işində iştirak etməyən Rusiyanın yenidən birlikdə vasitəçilik etməyə imza atması da düşündürücüdür. Dağlıq Qarabağa giriş üçün mövcud məhdudiyyətin aradan qaldırılması tələbi isə heç bir əndazəyə sığmır. Hamı ora giriş edə bilər, bircə Azərbaycandan başqa. Minsk Qrupunun tələbi budur.
Rusiya. Sülhməramlı adı ilə separatçılara ikinci nəfəs verib və yenidən güclənmələri üçün humanitar yardım adı altında mandatından kənara çıxıb quruculuq işləri ilə məşğul olur, üstəlik erməni hərbi birləşmələrinin Qarabağ ərazisində yenidən silahlanmasına, modernləşməsinə yardım edir. Ermənistanla hərbi-siyasi müttəfiq, onun sərhədlərini qoruyan, ərazisində hərbi baza yerləşdirən, ümumiyyətlə Ermənistanın ən yaxın dostu olan Rusiya Qarabağ problemində ədalətli hakim ola bilərmi? Azərbaycana atmaq üçün “İsgəndər” raket kompleksini Ermənistana verən ölkə sülh yaradıb problem həll edə bilərmi? Əvvəllər dediyimiz kimi Rusiya problem yaradandır, onu həll edən deyil.
Fransa. Bu ölkənin senatı prezident Makronu Dağlıq Qarabağ Respublikasını tanımağa çağıran sənəd qəbul edir. Prezident İlham Əliyevin dediyi kimi kiçik erməni icmasından asılı vəziyyətə düşən Fransa hakim yox, tərəfdir-erməni tərəfi. Azərbaycanın beynəlxalq hüququnu nəzərə almayan, Ermənistanı “kiçik baçı” deyə çağıran Fransamı Qarabağ problemi çözəcək?
ABŞ. Əlbəttə Fransa və Rusiya ilə müqayisədə bu dövlət nisbətən Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdığını nümayiş etdirib. Ayrı- ayrı rəsmilərin subyektiv ifadələri ABŞ dövlətinin rəsmi mövqeyi deyil. Amma, prezident İlham Əliyevin də qeyd etdiyi kimi, yeni dövlət katibi Toni Blinkenin Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla danışıb Azərbaycan dövlət rəhbərinə zəng etməməsi həmsədrlik fəaliyyətinə uyğun deyil.
Minsk Qrupunun 27 il ərzində heç nəyə nail ola bilməməsinin səbəbi bu ölkələrin ədalətli mövqe tutmamasından, tərəf olmalarından irəli gəlir. Və tərəf olmalarından çəkinmədiklərini son bəyanatlarında sübut etdilər. Nə etməliyik?
27 il əvvəlki Azərbaycan yoxdu artıq. Müharibədən qalib çıxmış, düşməni darmadağın etmiş bir ölkəyə Minsk Qrupunun ərköyün tələbləri artıq keçərli deyil. Minsk Qrupu Azərbaycanın ərazi bütövlüyünün əsas şərt olduğunu və bundan sonrakı fəaliyyətində qəbul olunacaq hər bir qərarın bu prinsipə zidd olmayacağını elan etdikdən sonra tərəflər siyasi dialoqa başlaya bilər. Bu prinsip həm də perspektivdə status məsələsinin müzakirə olunmayacağını, erməni əhalinin də Azərbaycan Respublikasının vətəndaşı kimi statusa malik olacaqlarını özündə ehtiva etməlidir. Sabah həmsədr ölkələr dəyişsə belə, qeyd olunan prinsiplər şərt olaraq bəri başdan elan edilməlidir.
Azərbaycan qalib ölkə kimi fürsəti dəyərləndirməli və gecikmədən Dağlıq Qarabağ problemini xarici siyasətinin prioritetinə çevirməlidir. Bizi siyasi dialoqa dəvət edənlər çağırışdan əvvəl şərtlərimizi bilməlidir. Məhz bilmədikləri üçün son bəyanatında həmsədrlər “ heç bir şərt irəli sürmədən” tələbini xüsusi vurğulayıblar. Bizim isə şərtimiz var!

İlham İsmayıl




Facebook'da Paylaş