Azərbaycan-Rusiya münasibətləri müttəfiqlik xarakteri daşıyır

14-10-2024, 21:46

Azərbaycan-Rusiya münasibətləri müttəfiqlik xarakteri daşıyır

Azərbaycanın əsas xarici siyasət prioriteti region ölkələri və beynəlxalq aləmlə qarşılıqlı münasibətlərin qurulması, bütün güc mərkəzləri ilə əməkdaşlığın aparılması, heç bir cəbhədə yer almamaqdır. Təbii ki, Azərbaycan üçün ilk növbədə qonşu ölkələrlə münasibətlərin inkişafı olduqca vacib amildir.Çünki öz sərhədlərində təhlükəsiz, mehriban münasibətlər yarada bilən ölkələr beynəlxalq aləmdə mövqelərini daha yaxşı qoruya bilirlər.
Azərbaycanın yüksək münasibətlərə malik olduğu ölkələrdən biri də Rusiyadır. Bu gün Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü kimi dünyanın ən güclü ölkələrindən olan Rusiya ilə humanitar, mədəni sektordan tutmuş siyasi-hərbi sahəyə qədər çoxşaxəli əməkdaşlıq qura bilib.
Bu gün ölkəmiz Cənubi Qafqazda geopolitik söz sahibidir. Respublikamız bütün tərəfdaşları ilə münasibətlərdə qarşılıqlı öhdəliklərinə sadiq olduğunu dəfələrlə təsdiqləyib. Rusiya da öz növbəsində rəsmi Bakının dövlətlərarası münasibətlərdə prinsipial anlaşmaların icrasına xüsusi həssaslıqla yanaşdığından xəbərdardır və bu baxımdan, Azərbaycan Rusiya üçün də etibarlı strateji tərəfdaşdır.
Azərbaycan Prezidentinin Rusiyaya, Rusiya Federasiyasının Prezidentinin isə ölkəmizə səfəri həmişə diqqət mərkəzində olub. Hazırda Cənubi Qafqazın lider dövləti olan Azərbaycan dünya və region ölkələri ilə əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirir və balanslaşdırılmış xarici siyasət kursunu uğurla davam etdirir. Bölgədə sabitləşdirici aktor kimi çıxış edən ölkəmiz müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünya ölkələri arasında böyük etimad qazanıb. Dünya siyasətinin güc mərkəzləri kimi çıxış edən geopolitik subyektlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu və uğurlu xarici siyasət kursunu yüksək qiymətləndirirlər. 2024-cü il oktyabrın 8-də Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib. Dövlətimizin başçısının Moskvada keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı və çıxışı böyük maraqla izlənildi.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana bu yaxınlardakı dövlət səfəri iki ölkə arasında münasibətlərin müttəfiqlik xarakterini bir daha təsdiq etdi. Əldə olunmuş razılaşmaların həyata keçirilməsi gələcəkdə münasibətlərin ardıcıl inkişafına təkan verəcək: “Dövlətimizin başçısı tədbir iştirakçılarına Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilildiyi barədə məlumat verdi. Qeyd etdi ki, MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb. Məlum olduğu kimi, Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılmışdı. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar. Bununla yanaşı, III MDB Oyunlarının növbəti il Azərbaycanda keçiriləcəyi barədə məlumat verildi. Bu yarışlarla əlaqədar Azərbaycan qədim şəhərlərindən biri olan Gəncə idman paytaxtına çevriləcək. Yarışlar, həmçinin Azərbaycanın 10-dan çox şəhərində keçiriləcək. Bundan başqa, Bir aydan sonra Bakının ən böyük beynəlxalq tədbirə - COP29 iqlim konfransına evsahibliyi edəcəyi də diqqətə çatdırıldı. Sevindirici haldır ki, 200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərar qəbul edib. Bu, bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlaməti kimi qiymətləndirilir.
Azərbaycanla Rusiya arasında münasibətlər, əlaqələr uzun bir tarixi dövrü, yüzillikləri əhatə edir. Bu iki ölkəni, Azərbaycan və rus xalqını təkcə sərhədlər deyil, həm də tarixi, siyasi, mədəni, sosial bağlar bir-birinə bağlayır, birləşdirir. Bu iki xalq və dövlət arasındakı münasibətlər təkcə sərhədlərə dayanan qonşuluqla bağlı deyil, həm də dostluq və əməkdaşlığa əsaslanır.
Son 30 il ərzində əldə olunmuş nailiyyətlər onu deməyə əsas verir ki, iki ölkə arasında mövcud əlaqələri daha da inkişaf etdirmək üçün ortada möhkəm iradə və əzm vardır. Bu da öz növbəsində xalqlarımız arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə, regionda sülhün təmin olunmasına töhfə verəcəkdir.

Hümbət Hüseynov
Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, Texnika elmləri namizədi




Facebook'da Paylaş