DİN: "Əcnəbi turistin axtarışlarına Daxili Qoşunların hərbçiləri də cəlb edilib

27-05-2022, 12:38

DİN: "Əcnəbi turistin axtarışlarına Daxili Qoşunların hərbçiləri də cəlb edilib

"Zaqatala rayonunda itkin düşən Hindistan vətəndaşı, 1993-cü il təvəllüdlü Kondaveeti Manikathın axtarışları davam etdirilir".

Bunu Ordum.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru polis baş leytenantı Mahir Məsimov bildirib.

O qeyd edib ki, DİN Daxili Qoşunlarının hərbi qulluqçuları, Zaqatala Rayon Polis Şöbəsi, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq strukturunun əməkdaşları əcnəbi turistin itkin düşdüyü ehtimal olunan ərazilərdə axtarışlara cəlb olunublar: "Hələlik müsbət nəticə əldə olunmasa da, bu istiqamətdə bütün zəruri tədbirlər görülür".

Xatırladaq ki, mayın 17-də DİN-in “102” Xidməti-Zəng Mərkəzinə turist kimi ölkəmizə səyahət edən Hindistan vətəndaşı, 1993-cü il təvəllüdlü Kondaveeti Manikathın itkin düşməsi ilə bağlı müraciət daxil olub. Daxil olan müraciət əsasında aparılan ilkin araşdırma zamanı onun Zaqatalada qaldığı hoteli mayın 12-də tərk etdiyi və Car kəndinin çətin relyefə malik yüksək dağlıq ərazisinə getdiyi müəyyən olunub.




Facebook'da Paylaş