Ağ Ev Konqresdən Türkiyə ilə yeni silah razılaşmasını təsdiqləməyi istəyib
Ağ Ev Konqresdə Türkiyəyə 40 yeni F-16 qırıcısı satmaq üçün ayrıca təklifə dəstək səviyyəsini ölçmək məqsədilə razılaşmadan istifadə edə bilər.
Ordum.az-ın xəbərinə görə, bunu ABŞ-ın “The Wall Street Journal”ı yazıb.
Adı açıqlanmayan amerikalı rəsmilərə istinadən hazırlanan məqalədə qeyd olunub ki, Türkiyənin rəsmi Kiyev və Moskva arasında danışıqlara ev sahibliyi etməsi, Rusiyanın döyüş gəmilərinin Qara dənizə girməsinə mane olması ilə ABŞ-la daha mütəmadi təmaslar qurulub və münasibətlərdə daha möhkəm addımlar atılıb.
Nəşrin məlumatına görə, razılaşma Türkiyəyə F-16-lar üçün raket, radar və elektron avadanlıqların göndərilməsini ehtiva edir.
Rəsmi şəxslər “AIM-9 Sidewinder” və “AIM-120 Amraam” raketlərinin, həmçinin radar və digər avadanlıqların satışının Türkiyəyə 400 milyon dollardan çox başa gələcəyini bildirib.
Məqalədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da fikirlərinə yer verilib. O, martın sonunda F-16-ların modernləşdirilməsi və yeni alışlarla bağlı ABŞ-la müsbət yanaşmaların olduğunu bildirib. Dövlət başçısının sözlərinə görə, proses belə davam edərsə, Türkiyə alacağı F-16-ları və modernləşdirmə işlərini tez bir zamanda başa çatdırmaq imkanı əldə edəcək.
R.T.Ərdoğan həmçinin vurğulayıb ki, ABŞ Prezidenti Cozef Bayden ona bu məsələyə müsbət yanaşmasını Konqresə təqdim edəcəyini, S-400-lərin Türkiyənin mülkü olduğunu və bu məsələ ilə bağlı müzakirələrin hazırda Türkiyə üçün qapalı olduğunu bildirib.
Qeyd olunub ki, ABŞ və Türkiyə rəsmiləri Ankaranın 2017-ci ildə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini almasından sonra münasibətlərin bərpası üçün F-16 razılaşmasının vacibliyini vurğulayıblar. Lakin Konqresin hər iki palatası Ankaranın Rusiya ilə əlaqələrinə və Türkiyədə insan haqları ilə bağlı narahatlıqlara etiraz edərək satışın əleyhinədir. Bununla belə, Bayden administrasiyasının tələbindən sonra Konqresin cavabı hələ də maraq doğurur.
ABŞ Dövlət Departamentinin sözçüsü bildirib ki, Dövlət Departamenti təklif olunan müdafiə transferləri Konqresə rəsmi şəkildə çatdırılana qədər onları açıq şəkildə şərh etməyəcək. Türkiyə Milli Müdafiə Nazirliyi isə sorğuya cavab verməyib.
Ankaranın ötən il müraciətindən sonra Ağ Evin bu ilin sonunda Türkiyənin mövcud təyyarələrinin modernləşdirilməsi və yeni F-16 eskadrilyasının satışı ilə bağlı Konqresə ayrıca sorğu göndərəcəyi gözlənilir. Türkiyə və Amerika rəsmiləri F-16-nın satışının iki müttəfiq arasında illərlə davam edən gərginliyi azaltmağa və Türkiyənin Rusiya və Çinə yaxınlaşmasının qarşısını ala biləcəyini iddia ediblər.
Facebook'da Paylaş