32 ilə bitməyən həsrət
32 ilə bitməyən həsrətSəfərov Səfəralı Allahverdi oğlu 27 dekabr 1973-cü ildə Qərbi Azərbaycanda, Zəngəzur mahalının Qafan rayonunun Dovrus kəndində anadan olmuşdur. 1980-1981-ci tədris ilində Dovrus kənd məktəbinin birinci sinfində oxumuş, 1987-ci ildə həmin məktəbin VII sinfini bitirmişdir. Erməni quldurlarının başlatdığı "Dağlıq Qarabağ" hadisələri zamanı Səfəralının 15 yaşı təzə tamam olmuş, necə deyərlər, hələ bığ yeri tərləməmişdi. Dünyanın tərs üzünü görməmiş, qarnı üçün qan tökən insan övladının xislətindən, nələr törədə biləcəyindən xəbərsiz idi. Belə bir dövrdə erməni-rus birləşmələrinin qanlı caynağı yurdumuza uzandı. Hayların türksüz Ermənistan ideologiyasının iyrənc dalğası ellərimizi ağuşuna aldı. Bu vəziyyətdə, əli yalın insanlar terrorçu dəstələrin əlinə keçməmək üçün pərən-pərən düşdülər.
Sovet İmperiyasının ermənipərəstliyi, Azərbaycan hakimiyyətinin soydaşlarına dayaq durmaması ucbatından yaddaşlarımıza qaçqınlıq damğası ilə həkk olunan bir tale yaşamağa məhkum edildik. Uşaqlıq xatirələrini, gənclik arzularını o yerlərdə qoyub gələn Səfəralı da didərginlər karvanında ata ocağından ayrılmaq məcburiyyətində qaldı. 1988-ci ildə öz ailə üzvləri ilə birlikdə Sumqayıt şəhərində məskunlaşdı. Elə orta təhsilinə də orada davam etdi. Sumqayıt şəhər 1 N-li tam orta məktəbi bitirdikdən sonra Ceyranbatan Texniki Peşə Məktəbinə daxil olub sənət öyrəndi. Peşə məktəbini qurtardıqdan sonra bir müddət işlədi.
Səfəralının sonrakı taleyindən söhbət açmazdan əvvəl qeyd edim ki, mən onun müəllimi, eyni zamanda təhsil aldığı məktəbin direktoru olmuşam. O, oxuduğu müddətdə istər valideynlərinin, istər yaxınlarının, istərsə də məktəb kollektivinin, müəllimlərinin və sinif yoldaşlarının sevimlisi olmuşdur. Oxuduğu müddətdə tərbiyəsinə, ədəb-ərkanına görə ətrafındakıların hamısı onu sevirdi. Beləki, o çox mehriban və sözəbaxan uşaq idi. Məktəbdə oxumağına görə əlaçı olmasa da, yaxşı oxuyanların sırasındaydı. Ancaq onun mərifətinə söz ola bilməzdi. Davranışı, atdığı bütün addım nümunəvi idi. Qonşularla münasibətdə, ictimai yerlərdə özünü əsl məktəbli kimi aparırdı. Valideynləri onu çox əzizləyirdi. O da hər zaman valideynlərinin qulluğunda durmağa çalışırdı. Evin hər işi ilə məşğul olurdu. Özündən yaşca böyüklərə qarşı çox diqqətcil idi, balacalara isə nəvaziş göstərirdi. Səfəralı haqqında kimdən soruşsan, hamı onu müsbət cəhətdən qiymətləndirərdi. Əfsuslar olsun ki, Səfəralının həyatı yarımcıq qaldı, arzuları gerçəkləşmədi.
Öz seçdiyi sənət üzrə çalışaraq, halal zəhmətilə kasıb ailəni az-çox dolandırır, kimsəyə möhtac qoymurdu. Ancaq erməni faşizminin Azərbaycanımızda tüğyan elədiyi, torpaqlarımızın işğalı, azğınlaşmış daşnakların Xocalıda törətdikləri soyqırımı bütün gənclərimiz kimi Səfəralını da rahat buraxmırdı. Odur ki, o da öz yaşıdları ilə bərabər, könüllü olaraq, 1992-ci ilin iyun ayında hərbi komissarlığa müraciət edərək, cəbhəyə yola düşdü. Vətənimizin azadlığı uğrunda gedən döyüşlərə qatıldı.
Səfəralı Ağdərə rayonunun Sırxavənd kəndi uğrunda gedən döyüşlərdə erməni quldurlarına qarşı qəhrəmancasına vuruşmuşdur. Son nəfəsinə qədər düşmənə qarşı mərdliklə mübarizə aparan Səfəralının itkin düşməsi haqqında 1992-ci il sentyabr ayının 29-da hərbi hissədən valideynlərinə qara xəbər gəldi. İtgin düşən döyüş yoldaşları kimi, uzun müddət ondan bir xəbər çıxmadı, cəsədi tapılmadı. Valideynlər, qohumlar, qonşular 32 il həsrətlə Səfəralının yolunu gözlədilər. Ancaq Səfəralını gördüm deyən olmadı. Onun ölümündən, sağ olmasından doğru bir xəbər gəlmədi. Hamı əsgər yolunu həsrətlə gözləyirdi.
Yaxşı ki, 44 günlük Vətən Müharibəsi, torpaqlarımızın işğaldan azad edilməsi, toplu məzarlıqların üzə çıxması nəticəsində çox həsrətlərə son qoyuldu. Nişanlı qızların, ata-anaların, atası cəbhəyə gedən övladların gözləri yolllardan yığışdı. Nəhayət 2024-cü il sentyabr ayının 7-də valideynlərinə DNT analizi vermək lazım olduğu barədə bildiriş gəldi. Verilən analizlərin nəticəsində məlum oldu ki, nəşi gətirilən şəhid Səfərov Səfəralı Allahverdi oğludur.
2024-cü il sentyabrın 20-də Səfəralının nəşi Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanında çox izdihamlı bir şəkildə dəfn olundu. Səfəralını tanıyan hər kəs onun itkisinə heyfslənirdi. Şəhidlik elə bir məqamdır ki, Uca Allah öz müqəddəs kitabı olan “Qurani-Kərimdə” buyurur: “Şəhidlər ölmürlər, onlar diridirlər”.
Əlbəttə biz də vətənimizin azadlığı uğrunda canından keçən hər bir şəhidimizin xatirəsini həmişə əziz tuturuq. Daim onları hörmətlə yad edirik. Səfəralı da qısa ömür sürməsinə baxmayaraq, şəhidlik məqamına yüksəlməklə əbədiyaşarlıq qazandı. Öz müqəddəs adını şərəf tariximizə qanı ilə yazdı.
Allah rəhmət eləsin! Məkanı cənnət olsun!
Səfəralının ruhuna ehtiramla:
Sərvər AZADƏLİYEV,Dovrus kənd orta məktəbinin sabiq direktoru,
təqaüdçü müəllim
Facebook'da Paylaş