ŞƏHİD VARSA, VƏTƏN VAR!!!

3-12-2024, 08:01

ŞƏHİD VARSA, VƏTƏN VAR!!!


Süleyman İsmayılov

Süleyman İsmayıl oğlu İsmayılov 1960-cı il avqustun 8-də Pəmbək mahalının Hamamlı rayonunun Saral kəndində müəllim ailəsində doğulub. 1967-1977- ci illərdə Saral kənd orta məktəbində orta təhsil alıb. 1979-1981-ci illərdə SSRİ Silahlı Qüvvələrində əsgəri xidmətdə olub. 1986-1991-ci illərdə Azərbaycan Dövlət Tibb Üniversitetinin əczaçılıq fakültəsində ali təhsil alıb. 1992-1998-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi hərbi xidmətdə olub və kapitan rütbəsində ordudan tərxis olunub. Sonradan Bakı şəhərində əczaçılıq fəaliyyəti ilə məşğul olub. 2021-cı il mart ayının 26-da qəfil ürək tutmasından dünyasını dəyişib.
“Şaman” təxəllüsü ilə jurnal və qəzetlərdə şeir və hekayələri dərc olunub. Şeirləri həmçinin “Həkimlərin söz dünyası” kitabının 2-ci cildində yer alıb. “Tanrı milləti” kitabının müəllifidir. Kitabda doğma yurdlarından didərgin salınan həmvətənlərimizin taleyindən bəhs edilir.

ŞƏHİD VARSA, VƏTƏN VAR!!!

( ƏZİZ ŞƏHİDİMİZ MÜRSƏLƏ)

Nə qədər ki, bu bayraq
Göylərdə dalğalanar,
Nə qədər ki, səmada
Ulduz yanar, Ay yanar,
Nə qədər ki, bu Vətən
Himnimizlə oyanar,
Siz qürurla dayanın,
Başı uca analar -
Şəhid varsa, Vətən var!!!

Bu torpaq Allah payı
Qorumasaq ar olar!
Qandan məlhəm vurmasan,
Sağalarmı yaralar?
Bu gün sabaha qalsa
Əsrlərcə dərd olar.
Oğullar meydan sular,
Oğullar zəfər çalar -
Şəhid varsa –Vətən var!!!

Dağ mənim, sazaq mənim,
Ey başı qarlı dağlar.
Aç qala qapısını,
Şanlı qonaqların var.
Qovuldu, rəzil oldu
Tamah salan yağılar.
Budur sinə gəribdi,
Dağa dirək oğullar -
Şəhid varsa –Vətən var!!!

Yaşayar tarıx boyu,
Bu tarixi yazanlar!
Yazmasa qəhr olarıq -
Nə yaxşı ki, yazan var!
Başının üstə quran,
Dodağında azan var!
Bu müzəffər tarixə
Qanla möhür vuranlar-
Şəhid varsa –Vətən var!!!

15.12.2021 Bakı şəhəri




Facebook'da Paylaş