Yaddaşda yaşayan pilotlarımız
Yaddaşda yaşayan pilotlarımızHaqqında söz açacağım mövzu nə qədər çətin olsa da, bur o qədər də məsuliyyətli və şərəflidir. Yaddaşlarda əbədi iz salmış və bəlkə də 44 günlük Vətən müharibəsinin özülünü qoyan 4 günə bitən aprel döyüşləri, tarixə sığmayan qəhrəmanlarımızın igidlik səlnaməsidir. Vətən uğrunda canından keçən şəhidlərimiz dörd günlük müharibədə öz sözünü layiqincə dedi. Bu dörd gün ərzində yüzə yaxın şəhidlərimiz oldu. Onların cəsarəti gələcək nəsillərin şanlı arxivi olaraq eyni zamanda qürur mənbəyi oldu.
Vətənpərvər gənclərin yetişdirilməsində belə igidlərimizin keçdiyi həyat yolu mühüm rol oynayır. Vətən naminə canlarından keçdilər, torpağın bir qarışından keçmədilər. Həyatda o qədər asan peşələr varkən heç birini seçmədilər. Hərbiçi olaraq boşuna and içmədilər. Vətənə öz borclarını layiqincə ödəyəcəklərinə, ona sadiq qalacaqlarına and içdilər və bu anddan keçmədilər.
Həmin qəhrəman şəhidlərimizin bir neçəsinin adlarını qeyd etmək istəyirəm. Onlar hər bir Azərbaycan vətəndaşının qəlbində əbədi olaraq yaşayır və yaşayacaq.
"Mi - 24" hərbi helikopteri aprelin 2-nə keçən gecə cəbhədə Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən vuruldu. Həmin helikopterdə öz sahəsində olduqca bacarıqlı mayorlar qəhrəmancasına şəhid oldular. Onlardan biri də mayor Vəlizadə Ürfan Üzeyir oğlu, digəri baş leytenant İsmayılov Əbu Bəkir Vüqar oğlu və mayor Mustafazadə Təbriz Tariyel oğlu idi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Ürfan Vəlizadənin ailəsi ilə qohumluq əlaqələrimiz olduğu üçün həmin ailədə qonaq qismində çox olmuşam. Üzeyur dayı öz övladları ilə həmişə fəxr edirdi. Belə bir ailədən də bu cür igidin yetişməsi təbii haldır. Vətənpərvər ruhda böyüyən Ürfan Vəlizadə Vətənin dar günündə onun səsinə səs verən igidlərimizdəndir.
Vəlizadə Ürfan Üzeyir oğlu 1978-ci ildə noyabrın 1-də Bakıda dünyaya göz açıb. Atası Gəncədən, ana tərəfi isə əslən Ağdamdandır. Görünür Vətən sevgisi igidimizin ürəyində silinməz izlər buraxıb.1990-cı illərin itgilərini görən bir gəncin yaddaş səlnaməsində olanlar bu gün tarixin yaddaşında qalib ölkənin şəfəqlərini bütün dünyaya yayır.
Ürfanın çox savadlı hərbi pilot olmağı ilə yanaşı o, həm də gözəl ailə başçısı, sadiq övlad, qayğıkeş ata və təvazökar insan idi. Hətta o öz hərbi təcrübələrini kitablara köçürərək gələcəkdə gənc hərbiçilərin bəhrələnməsinə şərait yaradırdı. Fəxr edici haldır ki, bu gün o kitablardan qururla istifadə edilir.
Təəssüf ki, Ürfanın ölümündən sonra atası Üzeyir dayı da bir neçə ildən sonra vəfat etdi. Görünür ürək xəstəliyindən əziyyət çəkən ata oğul həsrətinin yükünü qaldıra bilmədi. Məkanı cənnət olsun. Ürfanın özündən sonraya yadigar qalan sədaqətli həyat yoldaşı və iki qız övladı var. Bu gün tək onlar deyil bütün Azərbaycan Ürfanla və Ürfan kimi igid oğullarla fəxr edir.
Onlar qanları, canları ilə Vətəni yaşatdı, bizim kimi əli qələm tutan söz sahibləri də qələminin gücü ilə onlara zaman-zaman yenidən ruh verib onları daima yaşatmalıdır.
"Şəhidlər ölməz!
Vətən bölünməz!" Mən aşiq gülüzarım,
Solmasın gülüzarım.
Vətənim bütövləşdi,
Qalmadı ahuzarım.
Əzizim güldən ayrı,
Düşmüşdük eldən ayrı.
Otuz ildi qalmışdıq,
Xarıbülbüldən ayrı.
Mən aşiq qaş altından,
Göz baxar qaş altından.
Əsgərim heykəl qoydu
Tarixə, Daşaltından.
Əzizim ürəyində,
Sözü var ürəyində.
Birliyin gücü vardır,
Əsgərin biləyində.
Əzizim yurdu keçdi,
Yuvasın qurdu keçdi,
Əlində al Bayrağı,
Burdan bir ordu keçdi.
Rəqsanə TAPDIQLI (Nəcəfova)
Facebook'da Paylaş