Əsgər missiyasını ləyaqətlə yerinə yetirdi

5-09-2023, 06:27

Əsgər missiyasını ləyaqətlə yerinə yetirdi

Missiyasını ləyaqətlə yerinə yetirdi

Deyirlər insanın adı onun teleyində mistik bir rol oynayır. Şəhid Əsgər Məmmədov da belələrindəndir. Ona anadan olanda məhz ƏSGƏR adı veriblər. O da bu missiyanı ləyaqətlə yerinə yetirdi. Əsgər oldu... şəhid oldu..!
Əsgərin qardaşı Nicad mənimlə bir sinifdə oxuması səbəbindən onunla da çox isti münasibətimiz var idi. Gülərüzü ilə insanlarda müsbət hislər oyadan Əsgəri yalnız pozitiv duyğularla xatırlamaq mümkündür. Lənətə gəlmiş müharibə nə qədər Azərbaycan gəncinin taleyini yarımçıq qoydu…
Məmmədov Əsgər İsmayıl oğlu 8 yanvar 1972-ci ildə Bərdə rayonunun İmirli (Əmirli) kəndində doğulub. 1979-1989-cu illərdə kənd orta məktəbini bitirib. 1990-cı ildə həqiqi hərbi xidmətə gedib. Moskvada Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçib. Əsgərin döyüş yolu Ağdam bölgəsindən başlayıb. O, Xocalı polisinin tərkibində Yusifcanlı, Mərzili Cinlilər, Güllücə kəndlərinin müdafiəsində iştirak edib. Ağdam Atçılıq Zavodu yaxınlığında bir neçə gün davam edən döyüşlərdə fəallığı ilə fərqlənib. 26 aprel 1994-cü ildə şəhid olub.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasına təzəcə qəbul olmuşdu. Bütün arzuları kimi təhsili də yarımçıq qaldı.
Səməd VƏKİLOV




Facebook'da Paylaş