Yarımçıq albom

25-10-2022, 21:46

Yarımçıq albom


Yarımçıq albom
(Şəhid Orxan Rəhimlinin xatirəsinə)
Bir əli ilə tutduğu albomu bərk-bərk sinəsinə basan Könül digər əli ilə otağın qapısını açıb içəri daxil oldu. Küncdən qoyulmuş künclük divana doğru hərəkət edərək elə divanın küncündəcə əyləşdi. Sinəsinə basdığı albomu dizlərinin üzərinə qoyub, dərindən köks ötürdü. Sonra yavaş-yavaş albomu vərəqləməyə başladı.
28.08.2014-cü il. Avqustun qızmar günəşi kimi bu iki gəncin də qəlbi həmin gün sevgidən od tutub yanırdı. Bu gün bəy olan Orxanın da, elə gəlin olan Könülün də həyəcandan əli ayağına dolaşmışdı . Həmin günü yaşadıqları təlaşı, xoşbəxtliyi sözlərlə təsvir etmək mümkün deyildi. Bu gün iki ürək əbədi qovuşacaqdı. Bu gün bir ailənin təməli qoyulacaq, hər kəs onlara xeyir-dua verəcək, gələcək günlərinin xoşbəxt keçməsi üçün dualar edəcəkdilər. Səbirsizlilə oğlan evinin yolunu gözləyən qız evi daha da həyəcanlanırdı. Budur binanın qarşısında qırmızı lentlərlə bəzədilmiş maşınların karvanı da görsəndi. Gəlini aparmağa gələn oğlan evinin xanımları həyətdə bir oynamaq oynayırdı gəl görəsən. Bu sevincə bütün qohumlar qoşulub oğlan evini sevinclə qarşılayırlar. El adətiylə əlində gül dəstəsiylə sevgili cananını aparmağa gələn Orxan gülləri Könülə uzadarkən həyəcandan əlləri əsirdi. Baxışları bir-birinə möhürlənən gənclərin sanki gözləri danışırdı. "Nəhayət ki, qovuşuruq"-deyirdi ürəkləri. Gəlinin belinə qızmızı lenti bağlayıb, ata ocağında çırağın başına fırlatdıqdan sonra vağzalı sədaları altında oğlan evinə təhvil verirlər.
Budur bu şəkil də şadlıq sarayına daxil olarkən çəkilmişdi. Könül albomun digər vərəqlərini çevirərək, yenidən keçmişə səyahət edir. Bu dəfə xəyalları 2015-ci ilin iyul ayına aparır onu. İlk ana olduğu günə. Hüseynini ilk dəfə qucağına aldığı günə. Həmin gün Orxanın sevincinin həddi-hüdudu yox idi. Ata olmuşdu. Özü də oğul atası. Oğul arxadır-dayaqdır. Hər valideynin arzusudur oğul övladına sahib olmaq. Rəhmlilər ailəsində də ilk nəvənin gəlişi toy-bayrama səbəb olmuşdu. İlahi necə gözəl günlər idi. Hüseynin ilk dəfə gülümsəməsi, ilk dişini çıxarması, ilk dəfə yeriməsi, ilk sözləri hər biri o qədər gözəl günlər idi ki.... Hətta yuxusuz gecələri belə gözəl xatirələrə çevrilirdi ailənin yaddaşında.

Könül əlindəki albomun daha bir vərəqini çevirdi. Bu dəfə şəkillər qışda çəkilmişdi. Fevralın 19-u Orxan ikinci dəfə ata olmuşdu. 19 fevral 2017-ci ildə qız atası olan Orxan qızının adını da elə özü Pəri qoymuşdu. Qızlar şirin olur. Daha çox da ataya bağlı olurlar. Odur ki, ataların da qəlbində qızlarına olan sevgisi bambaşqa olur. Rəhimlə Pərinin sevgisi də baxanları qısqandırırdı. Pəri evin ərköyün balası idi. Hər kəs onu əzizləyər, heç kəs xətrinə dəyməzdi. İndi Orxan özünü dünyanın ən xoşbəxti sayırdı. O Könülünə qovuşmuşdu, Könülü isə ona həm oğlan həm də, qız övladı bəxş etmişdi. Bu sevgi evin balaca qəhrəmanları ilə günü-gündən daha da böyüyürdü. Ta ki...
Növbəti vərəqlər boş idi. Könül çevirdiyi boş vərəqlərə baxıb, başını qaldırdı. Qarşısında şəhid yoldaşının guşəsi vardı. Yarımçıq qalan xəyalları, yarımçıq arzuları gözlərindən süzülüb albomun boş vərəqlərinə tökülürdü. Gözləri ilə guşəni nəzərdən keçirən Könülün baxışları bir şəkilə ilişib dayandı. Orxanın məzarının yanında dayanmışdı bu şəkildə. Övladları da yanında idi. Atasının qoxusuna doymayan körpə balaları indi məzarını qucaqlayıb, "ata, gəl, darıxıram axı. Dur gedək evimizə." -deyib, ağlayırdı o gün.
Könül isə müharibənin gətirdiyi bu amansız talelə barışmasa da, onu yaşamağa məcbur idi.

Esmira Günəş
12.09.2022




Facebook'da Paylaş