Düşmənin kabusuna çevrilən kəşfiyyatçı
Düşmənin kabusuna çevrilən kəşfiyyatçı44 günlük Vətən Müharibəsindəki qalibiyyətimizdən sonra qəlbimiz qürur hissi ilə doldu. Bu qüruru bizə yaşadan Vətən Müharibəsi qəhrəmanlarından biri də Elçin Zamin oğlu Hüseynovdur. O, könüllü olaraq bu yolu seçmişdi, hərbçi olmaq istəmişdi. Ona görə də Vətənə borcunu verməklə ürəyi rahat olmamış, müddətdən artıq xidmətini davam etdirmiş və kəşfiyyatçı-snayper kimi özünü dəfələrlə təsdiq etmişdi. Anası Mətanət Məhərrəmova xatirələrində söyləyir ki, Elçin hərbi xidmətdə olanları heç vaxt ona danışmazdı. Yəqin ona görə ki, anası çox həssasdı, olanları ürəyinə salar, fikir eləyərdi...
Elçin özü də həssas qəlbli, ədalətli, hümanist insandı. Ancaq torpaqlarımızın işğalına, başımıza gətirdiyi müsibətlərə, körpələrə verdiyi işgəncələrə görə düşmənə sonsuz nifrəti vardı. Uşaqlıqdan üçrəngli bayrağımızı əzizləyər, evin ən hündür yerindən asardı. Milli Qəhrəman Mübariz İbrahimov şəhid olduqdan sonra Elçin özünə yer tapa bilmirdi. Ona görə də 2016-ci ildə Aprel döyüşlərində könüllü olaraq cəbhə bölgəsinə yollanmışdı. Doğmaları deyirlər ki, Elçin çox gözəl insan, yaxşı övlad idi, amma o Vətəni bizdən, hamıdan çox sevirmiş...
Elçin Zamin oğlu Hüseynov 1992-ci il sentyabrın 6-da Bakı şəhərində anadan olub. Hələ kiçik yaşlarında olarkən ailəsi Bakıdan Sumqayıt şəhərinə köçüb. O, Sumqayıt şəhər 9 nömrəli tam orta məktəbdə 9 illik təhsil aldıqdan sonra təhsilini Sumqayıt Dövlət Texniki Kollecində davam etdirib. Kollecin Gömrük işi fakültəsini bitirərək, həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətini başa vurandan sonra Elçin öz ixtisası üzrə deyil, bu sahəyə daha çox həvəsi olduğundan hərbçi kimi ( MAXE) Bakı korpusunda xidmət etməyə başlayıb. 2016-cı ilin Aprel döyüşləri zamanı könüllü olaraq Bakı korpusundan ön xətdə yerləşən N saylı hərbi hissəyə köçürülüb. Bundan sonra Elçin Hüseynov Ağdam, Ağdərə, Tərtər bölgələrində yerləşən N saylı hərbi hissələrdə xidmət edib. O, xidməti müddətində snayper-kəşfiyyatçı ixtisasına yiyələnib. Dəfələrlə təlimlərdə iştirak edərək, yüksək nəticələr əldə edib.
Bütün varlığı ilə Vətən Müharibəsinə qatılan Elçin düşmənin 50-dən çox canlı qüvvəsini, o cümlədən yüksək rütbəli zabitlərini məhv edib. O, Suqovuşan uğrunda gedən döyüşlərdə iki dəfə yaralanıb. Belə ki, onlar "Mübariz" postundan növbəti posta adlayarkən güllə başının arxasından dəyib. Komandiri əvvəlcə onun şəhid olduğunu zənn edib. Bir müddətdən sonra döyüş yoldaşları onun sağ olduğunu öyrəniblər. Elçin yaralandıqdan sonra uzandığı yerdən qalxıb. Komandiri Elman Əzizlinin “geri qayıt” əmrinə baxmayaraq irəli getməyə başlayıb. Elçin Hüseynov ikinci dəfə özündə güc taparaq yenə də bir neçə düşməni məhv edib. Bundan sonra ermənilər onun başından nişan alıblar. Başına tuş gələn güllə onu yerə yıxıb. Yerə yıxılan Elçin əynindəki bronjiletini çıxararaq kənara qoyub. Üstündə olan bayrağımız düşmən əlinə keçməsin deyə onu əynindəki paltarının cibinə qoyub.
Kəşfiyyatçı-snayper, Vətənin igid oğlu Elçin Hüseynov 2020-ci il oktyabrın 2-də qucağında snayper tüfəngi qəhrəmanlıqla şəhid olub. 17 oktyabr 2020-ci ildə Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub. Subay idi, 28 yaşı vardı...
Şəhadətindən sonra Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda" və “Suqovuşanın azad olunması uğrunda” medalları ilə təltif olunub.
Sentyabrın 6-sı Zəfər tariximizi yazanlardan biri olan şəhid Elçin Hüseynovun doğum günüdür. Günün mübarək olsun, Şəhidim, məzarın nurla dolsun!
Mina Rəşid
Facebook'da Paylaş