Şəhidlərin xatirəsinə həsr olunmuş anım tədbirləri keçirilib
İkinci Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidləri Fərid Ələkbərov, Nurlan Mustafayev və Nurlan Ağakişiyevin xatirəsinə həsr olunan anım tədbirləri keçirilib.
Bu barədə Ordum.az Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri, yaxınları, eləcə də döyüş yoldaşları iştirak etdiyi tədbirlərdə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bötövlüyü uğurunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin orkestri tərəfindən Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Vətən müharibəsi şəhidlərinin məzarları üzərinə əklillər qoyulub, tər çiçəklər düzülüb və ruhlarına dualar oxunub.
Çıxış edənlər Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə Vətən müharibəsində Azərbaycan Ordusunun rəşadətindən, torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalanların şərəfli ömür və döyüş yolundan danışıblar. Bildirilib ki, döyüş meydanında əsgər və zabitlərimizin göstərdiyi şücaət xalqımızın zəfər tarixinə qızıl hərflərlə yazılıb. Şəhidlərin döyüş yolu və vətənpərvərliyi gələcək nəsillər üçün nümunə olduğu vurğulanıb.
Şəhidlərin ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər.
Facebook'da Paylaş