Mübariz İbrahimov adına liseydə Zəfər Günü qeyd edilib

5-11-2021, 20:37

Mübariz İbrahimov adına liseydə Zəfər Günü qeyd edilib

Mərkəzi Bankın təşəbbüsü və təşkilatçılığı ilə 44 günlük Vətən Müharibəsində Azərbaycan ordusunun tarixi Zəfərinin ildönümü ərəfəsində Mübariz İbrahimovun adını daşıyan Biləsuvar Bağça-Məktəb-Lisey kompleksində “Açıq dərs” tədbiri keçirilib.

Ordum.az-ın məlumatına görə, tədbirdə Mərkəzi Bankın sədri Elman Rüstəmov, Milli Qəhrəman M.İbahimovun atası Ağakərim İbrahimov, qazilər, rayon rəhbərliyi, Milli Məclis sədrinin müavini Fəzail İbrahimli iştirak edib.

E.Rüstəmov çıxışında qeyd edib ki, Mərkəzi Bankın 12 nəfər əməkdaşı, həmçinin liseyin üç nəfər müəllimi də Vətən müharibəsinə qatılaraq hərbi əməliyyatlarda bilavasitə iştirak edib. Onlar Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə medallarla, həmçinin yüksək nəticələr əldə etdiklərinə görə fəxri fərmanlarla təltif olunublar.

Həmçinin qeyd edilib ki, burada şəhid və qazi ailələrinin övladlarının daha yaxşı təhsil alması məqsədilə bütün imkanlar səfərbər edilib. Belə ki, cari tədris ilində Kompleksdə 11 Şəhidin 17 övladının və bir şəhid qardaşının tam ödənişsiz, 9 qazi övladının isə şagirdin akademik göstəricilərinə əsasən müvafiq güzəştlə təhsil alması təmin edilib.

Tədbir Lisey Kompleksinin binasında yerləşən elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat (STEAM) mərkəzinin qonaqlara təqdim edilməsilə davam edib. Burada Vətən müharibəsi qazisi olan lisey əməkdaşlarının iştirakı ilə “Zəfər tarixi” adlı açıq dərs, “Dəmir Yumruq” şahmat turniri, həmçinin “110 kitab” layihəsi üzrə Vətən müharibəsindən bəhs edən hekayənin müzakirəsi təşkil olunub.

Daha sonra Liseydə çalışan Vətən müharibəsi iştirakçılarına hədiyyələr təqdim edilib və şəhid ailələrinə ərzaq yardımları paylanılıb.




Facebook'da Paylaş