Şəhidlərimizin xatirəsi Əlcəzairdə də yad edilib
Şəhidlərin Anım Günü ilə əlaqədar ölkəmizin Əlcəzairdəki səfirliyində mərasim keçirilib.
Ordum.az xəbər verir ki, mərasimdə Türkiyənin Əlcəzairdəki səfiri xanım Mahinur Özdəmir Göktaş, Pakistanın səfiri Ata Ul Munim Şahid, Sudanın səfiri Əl-Abid Muamməd Əl-Abid, hərbi attaşe və diplomatlar, Əlcəzair ictimaiyyətinin nümayəndələri, jurnalistlər, bu ölkədə yaşayan azərbaycanlılar iştirak ediblər.
Mərasim iştirakçıları şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Azərbaycanın Əlcəzairdəki müvəqqəti işlər vəkili Rəfail Bağırov çıxış edərək, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasəti nəticəsində 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsi, torpaqların Ermənistanın işğalından azad edilməsi, rəşadətli əsgərlərimizin qəhrəmanlığı haqqında məlumat verib. O vurğulayıb ki, 30 ilə yaxın müddətdə ərazilərimizin 20 faizini işğal altında saxlayan, BMT Təhlükəsizlik Şurasının torpaqların dərhal və qeyd-şərtsiz azad edilməsinə dair qətnamələrinə, İƏT, AŞPA və digər beynəlxalq təşkilatların qərarlarına məhəl qoymayan Ermənistan ordusu bu müharibədə darmadağın edilib və düşmən kapitulyasiya aktı imzalamağa məcbur olub. Diplomatımız müharibə vaxtı qardaş Türkiyə və Pakistanın ölkəmizə siyasi və mənəvi dəstəyini xüsusi vurğulayıb, həmçinin İƏT-ə üzv ölkələrin, o cümlədən Əlcəzairin Azərbaycanın ərazi bütövlüyü və haqq işini müdafiə etdiklərini, əlcəzairli gənclərin müharibə günlərində XİN binasına dəstək yürüşü təşkil etdiklərini qeyd edib. O, həmçinin işğalçı Ermənistanın Azərbaycan ərazilərində İslam abidələrini və məscidləri dağıtması, onları təhqir etməsi barədə də məlumat verib. R.Bağırov müharibədən sonra azad edilmiş torpaqlarda aparılan bərpa-quruculuq işləri barədə də məlumat verib.
Mərasim iştirakçıları səfirlikdə təşkil olunmuş “İşğaldan əvvəl və sonra” adlı fotosərgi ilə tanış olublar. Həmçinin Azərbaycanın müvəqqəti işlər vəkili, Türkiyə və Pakistan səfirləri Əlcəzair telekanallarına və qəzetlərinə müsahibələr veriblər.
Facebook'da Paylaş