“MƏN, SƏN YOX, BİZ VARIQ”!
“MƏN, SƏN YOX, BİZ VARIQ”! (Aidə Şirinova – 65. Doğum gününə təbrik)Hər papaq qoyana kişi desəm mən,
Kişilər inciyər səxavətimdən.
Elə qadınlar da böyüdüb vətən,
Günahdır onlara kişi deməsəm. Mirvarid Dilbazi Bütövlüyün, həmrəyliyin, uğurlarımzın təməlini yaradan bu fikir birinci Qarabağ müharibəsinin iştirakçısı, polis, Müdafiə Nazairliyinin Bərdə özünümüdafiə batalyonunda əsgərlərin sosial müdafiəsi üzrə ilk qadın komandir müavini kimi şərəfli vəzifəyə yüksələn Aidə Rəcəb qızı Şirinovanındır. Hər bir uğurumuzun leytmotividir, monolit birliyimizə yoldur bu beş sözlük yığcam ömür proqramı.
Sağlığında əfsanəyə, mifə çevrilən, dastanlaşan, Tomrislərin, Burlaxatunların, Nüşabələrin çağdaş varisləri gerçək qəhrəmanların əhatəsində yaşadığımızın, işlədiyimizin, tez-tez ünsiyyətdə olduğumuzun fərqinə niyə varmırıq? Cabir Novruzun bir misrasını tez-tez təkrarlamaq lazımdır ki, unutmayaq: “Sağlığında qiymət verin insanlara”. Belə əfsanələşən, dastanlaşan, bu günkü qəhrəmanlıq dastanlarının qəhrəmanı olan, ancaq çoxumuzun yaxşı tanımadığımız insanlardandır Aidə Şirinova.
Bu gün onun günüdür, müdriklik yaşındadır. O, qanlı-qadalı döyüş meydanında Vətən oğullarının, döyüş dostlarının “qız qardaşı”, həm də saçlarını oğlansayaq kəsdirdiyinə görə “Qaqa”sı olub.
Bərdə şəhərində doğulub, Bərdə şəhər 3 saylı orta məktəbini bitirib, 1976-1981-ci illərdə Bədən Tərbiyəsi İnstitutunda (indiki İdman Akademiyası) ali təhsil alıb, Bərdə Uşaq-Gənclər İdman məktəbində işləyib, 1988-ci ildə öz xahişi ilə 2 saylı məktəbə idman müəllimi təyin olunub. Qanlı 20 yanvar hadisələrindən, Ermənistanın torpaqlarımıza xaincəsinə təcavüzündən, Xocalı soyqırımından sonra heç kimin, hətta onu yolundan döndərməyə cəhd göstərən anasının sözünə məhəl qoymadan yolunu qətiləşdirib, döyüş meydanına atılıb. Azərbaycanın dilbər guşəsi Qarabağın və onun ətrafındakı ərazilərin quduz düşmənin tamahının təhlükəsinə düşdüyü dövrdə - 1992-1998-ci illərdə ən qaynar nöqtələrdə düşmənlə üz-üzə, göz-gözə dayanıb. Əvvəl Şuşada, Ağdərədə polis şöbələrində çalışıb. Sonra Çaylı əməliyyatından başlanan döyüş yolu Tərtər, Ağdərə, Marquşevan, Marağa, Aşağı və Yuxarı Çaylı, Həsənqaya, Gülüstan, Dəmirçilər, Ortakənd, Vaqauz, Atex, Talış, Kasapet, Dranbom, Çıldıran kəndləri uğrunda qanlı-qadalı, ölüm-itimli döyüşlərdə davam etmişdir.
Bəli, o, Vətənin hər qarış torpağı uğrunda canını fəda etməyə hazır olan oğulların qız qardaşıydı. Döyüşün ən çətin anlarında ona güvənirdilər.
“Aslanın erkəyi, dişisi olmaz” deyib uzaqgörən babalarımız. O, Azərbaycanın hərb tarixində izi qalan qəhrəmandır. Azərbaycan qadını Vətənin dar günündə xain düşmənə qarşı ölüm-dirim savaşında həmişə igid oğullarla çiyin-çiyinə dayanıb, qazi də olub, şəhid də. Birinci Qarabağ müharibəsinin şəhidləri Milli Qəhrəman Salatın Əsgərova, həmçinin Gültəkin Əsgərova, Qaratel Hacımahmudova Vətənimizin hərb tarixinə silinməz adlarını yazan Azərbaycan qadınlarıdır.
Aidə Şirinova müsahibələrinin birində qeyd edir: “Kişilərlə çiyin-çiyinə düşmən üzərinə addımlayan qadınların qələbədə böyük payları var. Ölkəmizin bütün maddi və mənəvi sərvətləri, insan qüvvəsi faşizmə qarşı mübarizəyə cəlb edilib. Birinci Qarabağ müharibəsini xatırlayaq. O vaxt Uzundərədə olan hərbi hospitalda 40 tibb bacısı və həkim çalışırdı. Onlar cəbhəyə erməni gülləsindən yaralanan əsgərlərə yardım etməyə getmişdi. Bəzən onlar yaralı əsgərlərə öz qanından qan çəkib vururdular. Qadınların mübarizə apardığını görən əsgərlərdə ruh yüksəkliyi artırdı. Onlar son qanına kimi döyüşürdülər”.
Döyüş meydanında qan-qada, ölüm-itim görsə də, Aidə xanımın qəlbi həm də ilahi sözlə qoşa vurur, könül duyğularını vətənpərvərlik şeirləri ilə oxucularına çatdırır. Döyüşçü-şairin qələm məhsullarının ana xətti Vətəndir, anadır, qəhrəmanlıqdır, düşmənə nifrət hissidir. O, həm silahıyla, həm də qələmiylə Vətənə xidmət edən xanım döyüşçüdür. Onun şeirləri hərb marşları kimi qanımızı coşdurur, qələbəyə səsləyir. Bu döyüş və səngər nəğmələri Aidə xanımın xarakterinin göstəricisidir, Vətən, torpaq, el sevgisinin tərənnümüdür. Bu gün də onun söz silahı xalqın, Vətənin keşiyindədir. Biganələri, fərariləri, yalançı vətənşüvənləri amansızlıqla qamçılayır.
Bir müsahibəsindən: “Həmişə belə düşünmüşəm ki, yaxşı oğlanların çoxu müharibədə həlak olduğuna görə bu gün cəmiyyətimizdə yamanlar at oynadırlar. Mənə elə gəlir ki, heç vaxt qeyrətsizdən qeyrətli oğul törəmir. Ona görə də bizlərin, o həyatı yaşamış insanların, jurnalistlərin, qəzetlərin, televiziyaların üzərinə çox böyük bir missiya düşür: biz gənclərimizi vətənpərvərlik ruhunda yetişdirməliyik. Onları, sözün əsl mənasında, Vətənə layiq övlad kimi böyütməliyik”
O, şeirlərində avtoportretini çəkərək özünü belə təqdim edir:
Vətən mənə doğul dedi,
Anam mənə oğul dedi.
Düşmənlərin başı üstə,
Şimşək kimi çaxıl, dedi.
Aidə Şirinova Vətənin çağırışına, ananın ümidinə heç vaxt biganə deyil. Onu Vətən yetişdirib, sevib-seçib hünər, qəhrəmanlıq meydanına göndərib. Ana Vətənin səsinə səs, harayına haray verən Vətən qızı həm mənəvi, həm də fiziki anasının üzünü ağ, başını uca edib. Bayrağımızın Qarabağın neçə-neçə yerində ucaldılmasına vəsilə olub.
Bu xalq üçün alışıb ürəyindən yananlar,
İstəyi qəlbdə qalıb, qəlbi bərbad olanlar,
Bəsdir tapdaq altında inlədi torpağımız,
Bütöv Azərbaycanda ucalsın Bayrağımız! 200 idən çoxdur ki, bütövlük arzumuzun yolu ilə addımlayırıq. Arzularımız çin olsun!
Zəfərlə bitən 44 günlük savaşımızda Ali Baş Komandan və Azərbaycan Ordusu “Qarabağ Azərbaycandır!” hayqırtısı ilə nida işarəsi qoydu. Buna ən çox sevinməyə haqqı olanlardan biri də gənclik illərinin altı ildən çoxunu ön cəbhədə, soyuq və nəmli səngərdə keçirən Aidə Şirinovadır.
Bütövlükdür Türk davası,
Bu savaş yox, qana-qandır,
Qarabağ Azərbaycandır!..
Son nöqtəmiz İrəvandır,
Qarabağ Azərbaycandır! Ədəbi mühitdə Aidə xanımın mənalı ömür, cəsur döyüş yoluna həsr olunmuş əsərlər sırasında Ramiz Təmkinin “Bir qız tanıyıram”, Məhbubə Ömürün (Salmanova) “Qəhrəmanlar döyüşür yurdu yaşatmaq üçün” poemaları, Canalı Mirzəliyevin “Müqəddəs ruhun təzahürü” sənədli hekayəsi və digər əsərlər birinci Qarabağ savaşı ədəbiyyatının uğurlu nümunələridir.
Pedaqoq şair Məhbubə Salmanova poemasında Aidə Şirinovanı “ölümü gözüylə görən şahid, Vətən yolunda canlı şəhid” kimi təqdim edir.
Həqiqətən də Aidə xanım canlı şəhiddir. Şərəfli tituldur.Aidə Şirinovanın 60 illik yubiley təntənəsini Mirbvarid Dilbazi Poeziya Məclisi İB olaraq Atatürk Mərkəzində qeyd etdik. Aidə xanımla görüşdən hamı sevinc duyur, fərəhlə nir. Xüsusi ilə, 2015-ci ildə Tahir Bağırov adına 59 saylı məktəbdə məktəbin müəllimi, rəhmətlik Qətibə Talıbovanın təşkil etdiyi tədbir unudulmaz, tarixi bir gün idi. O görüşdə hələ Qarabağımız azad deyildi. Aidə xanım o görüşdə inamla dedi ki, Qarabağa mütləq qovuşacağıq, Qarabağı qaytaracağıq. Bu gün ömrü bir məktəb olan, vətənə ömründən ömür xərcləyən Aidə xanıma zəfər sevincini yaşamaq qismət oldu. Əlbəttə ki, Ulu Öndər Heydər Əliyevin uzaq görən siyasətini uğurla həyata keçirən cənab Prezident İlham Əliyevin, Şanlı Ordumuzun, xalqımızın ruhunun diriliyi sayəsində.
Dünya yaşadıqca yaşayan şəhidlərimizin ruhları şad olsun.
Ömrünüz uzun, sağlam və mənalı olsun. Müdriklik yaşınızı təbrik edirəm. 65 yaşınız- 75-ə, 85-ə , 95-ə, düz 105-ə varsın. Dədə Ələsgər, Dünyamalı Kərəm ömrü diləyirəm. Bu ilin hər günü sizindir.
Gününüz mübarək, Aidə Şirin!Mirvarid Dilbazinin şeiri ilə bitirirəm yazımı. Yubiley yaşınıza Mirvarid Dilbazi Məclisindən bir təbrik olsun.
Azərbaycan qadını
Ürəyin isti-isti, əqlin soyuq, buz kimi.
Əyilmız dağlar kimi, vüqarlı, təmkinlisən.
Bulud altında qalmış işıqlı ulduz kimi
Pünhan yanıb-sönmüsən uzun əsrlırlə, sən
Azərbaycan qadını!
Yaxşı günün dostusan, yaman günün qardaşı,
Göstərmisən dostluqda möhkəm sədaqətini.
Anası mərd olan kəs heç əyməsin başını.
Dünya analarının ey qoçağı mətini, Azərbaycan qadını!
Kiçik bir çay deyilsən coşasan sel gələndə,
Dərya qədər sə brinin görünməz sahilləri,
Bükülmədi dizlərin üstünə qəm gələndə,
Vüqarla saldın yola keşməkeşli illəri
Azərbaycan qadını!
Alnıaçıq, sözün düz, hər işdə mötəbərsən,
Əyilməzsən heç zaman dünyanın sərvətinə,
İgid ərlər içində sən özün də bir ərsən,
Eşq oısun tarix boyu sənin ülviyyətinə
Azərbaycan qadını!GÜLLÜ ELDAR TOMARLI
Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri,
şəxsi Kəlağayı Muzeyinin direktoru
Facebook'da Paylaş