Xalqımızın milli bayramı olan Novruz bayramı Azərbaycan müstəqillik qazanandan sonra daha böyük coşqu ilə qeyd olunur. Ümummilli liderimiz Heydər Əliyev xalqımızın bütün adət-ənənələrinə olduğu kimi Novruz bayramına da xüsusi ehtiramla yanaşır, onun bütün elementləri ilə birlikdə təntənə ilə qeyd olunmasını vacib sayırdı. Lakin son dörd ildə xalqımız Novruzu yeni əhval-ruhiyyə, yeni arzularla qeyd edir. Dörd ildir ki, el bayramı olan Novruzun bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, 2023-cü ildə Talış kəndində, bu il - 2024-cü ildə isə Xankəndi şəhərində qalanan bayram tonqalları təkcə Novruzun gəlişindən deyil, həm də xalqımızın 30 ilə yaxın bir müddətdə ürəyində qövr eləyən Qarabağ yaralarının sağalmasından xəbər verir, Azərbaycan Respublikasının suverenliyini dünyaya bəyan edirdi. Möhtərəm prezidentimiz müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidəki çıxışında ilk olaraq məhz bunu vurğulayaraq demişdir: “Altı ay bundan əvvəl cəmi bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində biz öz suverenliyimizi tam bərpa etdik. Bu gün Azərbaycanın ərazi bütövlüyü tamamilə təmin edilmişdir”. Prezident-xalq-ordu birliyi nəticəsində reallaşmış bu tarixi faktı böyük qürurla qeyd edən prezident İlham Əliyev: “Azərbaycan xalqı İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı nəticəsində böyük qəhrəmanlıq göstərib. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin, igid əsgər və zabitlərimizin fədakarlığı, peşəkarlığı, qəhrəmanlığı nəticəsində bu gün biz bu torpaqlarda qururuq, yaradırıq, bu torpaqlara həyat qayıdır... Bərpa-quruculuq işləri davamlı olaraq aparılır. Geniş quruculuq işləri aparılır, biz artıq keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytara bilmişik və bu il bu proses davam edəcək”, - deməklə sanki Novruzun bir milli birlik bayramı olmasını da vurğulamış oldu.
İkinci Qarabağ müharibəsindən sonra keçən üç il ərzində olanlardan düzgün nəticə çıxarmamış, öz qanunsuz silahlı birləşmələrini Azərbaycan ərazisində əbədi saxlamaq, burada vaxtilə qanunsuz yaradılmış qondarma dırnaqarası Dağlıq Qarabağ respublikasını yaşatmaq istəyən Ermənistana qarşı keçirilmiş uğurlu antiterror əməliyyatı həm də hələ 44 günlük şanlı Vətən müharibəsində dövlətimizin dünyaya nümayiş etdirdiyi hərbi və siyasi qüdrətini bir daha təsdiqləmiş oldu. Möhtərəm prezidentimiz öz çıxışında bu məqama da toxunmuşdur: “Azərbaycanın bütün qərar və addımları beynəlxalq hüquqa əsaslanır. Biz beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etmişik, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini özümüz döyüş meydanında bərpa etmişik”. Ali Baş Komandanın: “Altı ay bundan əvvəl uğurla keçirilmiş antiterror əməliyyatı beynəlxalq hüququn, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsidir. Biz bir daha göstərdik ki, öz yolumuzdan dönməyəcəyik, Ermənistanın arxasında istənilən qüvvələr dursalar belə, biz öz istədiyimizə nail olacağıq və nail olmuşuq”, - sözləri özünə və xalqına arxalanan, “ancaq və ancaq Azərbaycan xalqının maraqlarına, iradəsinə əsaslanan”, tamamilə müstəqil siyasət yürüdən bir dövlət başçısının güvənc dolu bəyanatı idi.
Qədim Azərbaycan torpağı olan, Pənahəli xan tərəfindən salınmış, lakin XX əsrin 20-ci illərinin əvvəllərində tamamilə əsassız, heç bir hüquqi, siyasi və demoqrafik əsası olmadan yaradılan muxtar vilayətin paytaxtı adlandırılmış Xankəndi şəhərinin əsas meydanının artıq “Zəfər meydanı” adlandırılması, Şuşada separatçıların qondarma ikinci parlament binasının sökülərək yerində beşulduzlu “Şuşa” hoteli tikilməsi hər bir vətənpərvər azərbaycanlı üçün qələbəmizin növbəti rəmzidir.
Novruz tonqalları – onun ətrafında əl-ələ, qol-qola tutaraq “Yallı” gedən insanların birliyini nümayiş etdirirsə, bu gün işğaldan azad olunmuş bütün ərazilərdə Azərbaycan bayrağının dalğalanması xalqımızın – müzəffər Ali Baş Komandanın ətrafında birləşərək qələbədən qələbəyə gedən insanların birlik, sevinc və qürurunu nümayiş etdirir. Dövlət başçımızın da dediyi kimi, “biz hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq. Biz hamımız fəxr edirik ki, biz özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq”.
Bu gün doğma Qarabağımız, Şərqi Zəngəzur yenidən qurulur. Artıq Böyük Qayıdış başlayıb. Bu il Xankəndiyə və digər şəhərlərə, o cümlədən Xocalıya, Şuşaya, Cəbrayıla, Kəlbəcərə keçmiş köçkünlər qayıdacaqlar. Separatçıların tikdikləri binalar sökülür, onların yerində yeni binalar tikilir. Azərbaycan xalqı əmindir ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə azad olunmuş ərazilər qısa müddətdə tam bərpa olunacaq, insanlar doğma yurdlarına qayıdaraq xoşbəxt ömür sürəcəklər.
Aybəniz Əliyeva, Binəqədi RİH yanında İctimai Şuranın üzvü