Azərbaycanda Türkiyəyə qurbanlıq deyilib
Azərbaycanda Türkiyəyə qurbanlıq deyilibBir müddət əvvəl redaksiyamıza məlumat daxil olmuşdur ki, əslən Zəngəzur mahalından olan “Xilaskar Nuru Paşa” kafesinin sahibi Səxavət Hacıyev Türkiyədə mayın 14-də keçiriləcək prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsi üçün qurban deyib. Nəhayət seçki günü gəlib çatdı. Çox gərgin keçən mübarizədə bülletenlərin sayılması səhərə yaxın başa çatdı.
Cənab Ərdoğan nəticələrə görə namizədlər arasında lider olsa da, qalibin müəyyənləşməsi 2023-cü il mayın 28-də keçiriləcək ikinci tura qaldı. Seçkinin nəticələrini səhərə qədər həyəcanla izləyən Səxavət Hacıyev yenə də sözüm-söz, qurbanlığım qurbanlıqdır,-dedi. Cənab Ərdoğan ikinci turda inamlı qələbə qazanacaq, mən də qurbanlığımı kəsəcəyəm.
Azərbaycan vətəndaşının Türkiyədə keçirilən prezident seçkilərinə bu qədər maraq göstərməsinin səbəbi ilə maraqlananda dedi:
Mən ixtisasca tarixçiyəm. Dünyada gedən hərbi-siyasi prosesləri diqqətlə izlədiyim üçün yaxşı bilirəm ki, Türkiyənin taleyi ilə bağlı siyasi mübarizə ölkənin sərhədlərini çoxdan aşıb. Dünyanın bütün beyin mərkəzləri, təhlilçilər Türk dünyasının lideri Ərdoğanın hakimiyyətdə qalıb-qalmayacağını müzakirə edirlər. Haqqı, ədaləti çeynəyən güclər, onun dünya 5-dən böyükdür hayqırtısını bundan sonra eşitmək istəmirlər, Afrikalıları kölə zənzirindən buraxmaq istəməyənlər, dünyanın dincliyini pozan zorbalar qarşılarında dimdik dayanıb, yetər məzlumların haqqını yediyiniz deməsindən çəkinənlər onu devirmək üçün bir aradadırlar.
Türkiyə üzərində Amerikanın və digər maraqlı dövlətlərin oyununun artıq gizli tərəfi qalmayıb. Ərdoğanı hakimiyyətdən salmaq üçün bir-birinə nifrət edən siyasi birliklərin Kılıçdaroğlunun ətrafına cəmləşdirilməsi türk düşmənlərinin bu məsələdə necə qərarlı, nə qədər həmfikir olduqlarının göstəricisidir…”
Rəcəb Tayyib Ərdoğanın siyasi səhnədən getməsini istəyən kənar qüvvələrin mövqeyi o qədər aydındır ki, ona xüsusi izahat vermək lüzumsuzdur. Hətta ermənilər də sülh danışıqlarını seçkinin nəticələrinə qədər sabotaj etməyə çalışırlar. Hamı bilir ki, Ərdoğan təkrar seçilərsə, Türkiyəni qaldığı yerdən daha irəli götürəcək. Türk dünyasının bağlarını daha da möhkəmlədəcək.
Türkiyə-Azərbaycan münasibətlərinin bugünkü səviyyəyə qalxmasında böyük xidmətləri olan, qardaş Türkiyəni dünya miqyasında güclü söz sahibi edən Rəcəb Tayyib Ərdoğanı Azərbaycan xalqı xüsusilə sevir. Hamı inanır ki, Türkiyə xalqı doğru seçimini təkrarlayacaq və Ərdoğanla İlham Əliyev iki ölkə arasında dərinləşmiş münasibətlərı qarşıdakı dövrdə də davamlı inkişaf etdirəcəklər.
Elə bu inamımı ifadə etmək üçün söz vermişəm ki, Rəcəb Tayyib Ərdoğan seçilən günün sabahı qurban kəsəm. Bu qurban haqq, ədalət, sülh carçısı olan Ərdoğan xatirinə Allahın eşqinə kəsiləcək. Çünki bu gün dünyada nizam-düzən istəyənlərin, haqqı sümürülən ac-yalavacların Rəcəb Tayyib Ərdoğana çox ehtiyacı var.
Facebook'da Paylaş