MTN generalının cinayət işi yenidən Bakı Hərbi Məhkəməsinə qaytarılıb
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Baş İstintaq İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin keçmiş rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi olmuş polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin sabiq rəis müavini Sahib Ələkbərovun cinayət işi yenidən birinci instansiya məhkəməsinə qaytarılıb.
Bu barədə Ordum.az-a M.Şıxəliyevin vəkili Arzu Cavadov məlumat verib.
Onun sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsinin hakimi İlqar Murquzovun sədrliyi ilə keçirilən iclasda iş üzrə zərərçəkmiş şəxslərdən iki nəfərin apellyasiya şikayəti vermə müddətinin bitdiyi elan olunub: "Buna görə də cinayət işi yenidən Bakı Hərbi Məhkəməsinə qaytarılıb".
İttihama görə, M.Şıxəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.
İstintaqla M.Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
M.Şıxəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.
Cinayət işi üzrə 32 zərərçəkmiş var.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə M.Şıxəliyev 12 il Y.Məmmədov 10 il 6 ay, V.Ələkbərov 12 il 6 ay və S.Ələkbərov isə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Bundan başqa, M.Şıxəliyev və ailə üzvlərinin adına rəsmiləşdirilmiş əmlaklar müsadirə olunub. Məhkəmə həmin əmlakları dövlət nəfinə keçirilməsi barədə hökm çıxarıb.
Hökmə əsasən, Y.Məmmədovun mülkiyyətində olmaqla öz adına rəsmiləşdirilmiş 102 min 200 manat dəyərində Bakı şəhəri, M.Müşfiq küçəsi, 15/17 saylı evi, 104 min 400 manat dəyərində Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 2a saylı evin 65,3 kv.metr sahəsi olan mənzili müsadirə edilib. Y.Məmmədova məxsus ümumilikdə 278 min 600 manat məbləğində əmlak müsadirə edilib.
Facebook'da Paylaş