Qadından taksi sürücüsü olar?
Qadından taksi sürücüsü olar?( Fikirlər haçalandı)
Son illərdə ölkəmizdə taksi xidmətlərinin sayı günü-gündən artmaqdadır. Hər gün fərqli qiymətlərdə, müxtəlif taksi xudmətlərinin adını eşidirik. Taksi şirkətlərində sürücülərin əksəriyyəti kişilər olsalar da, bu sektorda fəaliyyət göstərən qadın sürücülər də az deyil. Bəzi insanlar xanımların bu peşə ilə bağlı narazılıqlarını dilə gətirirlər. Amma elə insanlar da var ki, xüsusilə, qadınların sürdüyü taksilərdən istifadə edirlər. Bu, sevindirici haldır. Xanımların bu sahəyə yönəlməsinə səbəb həm onların işə olan tələbatından, həm də həvəsdən irəli gəlir. Bəzi insanlar hələ də qadınları sürücü olaraq qəbul etmək istəmirlər. Qadınların bu sahədə işləməsi həm də gender bərabərliyin bərqərar olduğunu da göstərir. Yəni qadınlar da kişilər kimi avtomobil idarə edə, hətta taksi sürücüsü də ola bilərlər.
Bu məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlının münasibətini öyrəndik. O, bildirdi ki, qadın sürücülərlə bağlı tendensiya müşahidə olunur:
İnsanlar iş tapmağa çalışırlar. Azərbaycanda da xanım sürücülərin sayı kifayət qədər artıb. Sürücülük hüququ olan xanım sürücülərin sayı, bildiyim qədəri ilə 80 minə çatır. Bu xeyli inkişaf deməkdir. Beş il öncə göstərici 40 min idi. Əsas səbəb isə başqa sahələrdə iş tapa bilməməkdir. Avtomobil idarə edə bilirlərsə, taksi kimi onlardan istifadə edirlər. Əslində normal haldır. İş tapa bilmirlər, halal zəhmətləri ilə bu sahəyə üz tuturlar. İstənilən halda istirahət və iş rejiminə diqqət etmək lazımdır. Qaydalara əməl etmək tövsiyə olunur”.
Sosioloq Əhməd Qəşəm oğlu isə məsələnin əsas səbəbini qadınlar arasında sürücülük peşəsinə yiyələnənlərin çoxalmasında gördü:
“Qadınlar arasında sürücülük peşəsinə yiyələnənlərin sayı artıb. Diqqət etsək görərik ki, qadın sürücülər çoxdur, nəinki taksidə, hətta şəhərdə özləri avtomobil idarə edirlər. Tələbə olduğum zamanlarda qadın sürücü görəndə hamı heyrətə gəlirdisə, hazırda normal hal kimi qarşılanır. Digər əsas səbəb isə işsizliyin çoxalmasıdır. Artıq qadınların çoxu özlərinə uyğun iş tapa bilmirlər, işsizdirlər. Düşünəndə ki, o bu sahəni bacarır, şirkətlərdə də tələbat var, təbii ki, qadınlar ora üz tuturlar. Bu da qeyri-adi hal deyil. Eyni zamanda xanımlar bundan daha yaxşı iş tapsalar, o işə üz tutarlar. Digər tərəfdən də xanımların sürücülük etməsi dövrümüzdə adiləşib. Amma onların çoxu gecələr taksi sürməyə ehtiyat edirlər. Hər ünvana gedə bilmirlər. Ona görə də təhlükəli ünvanlarda özlərini qorumaq üçün bıçaq kimi müxtəlif vasitələrdən istifadə edirlər”.
Ekspert bu işə münasibətin birmənalı olmalı olmadığını diqqətə çatdırdı: “Təbii ki, qadın üçün münasib iş deyil. Qadın öz təbiətinə uyğun olan fəaliyyətlə məşğul olsa daha yaxşı olar. Amma belə fəaliyyət sahələri tapmaqda çətinlik olduqda nə etmək olar? Qadın öz ləyaqətinə uyğun olaraq davranmaqla sürücülüklə də məşğul ola bilər”.
Aytac Fuadqızı,
BDU Jurnalistika fakültəsinin tələbəsi
Facebook'da Paylaş