Məktəblilər üçün daha bir internet resursu ərsəyə gəlir

13-10-2022, 10:41

Məktəblilər üçün daha bir internet resursu ərsəyə gəlir

Məktəblilər üçün daha bir internet resursu ərsəyə gəlir

“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icrasına başladığı “İstedadlı məktəblilərin üzə çıxarılması və inkişafına dəstək” layihəsi pedaqoji ictimaiyyət tərəfindən maraqla qarşılanır.
Təcrübəli mütəxəssislər, nüfuzlu təhsil işçiləri yeni texnologiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə xüsusi qabiliyyətə malik yeniyetmə və gənclərin cəmiyyətə tanıdılması, onların intellektual fəaliyyətlərinin təbliği və stimullaşdırılması məqsədilə layihə çərçivəsində “chevik.az” saytının yaradılması və onun fəaliyyətinə layihə iştirakçıları olan məktəblilərin fəal şəkildə cəlb edilməsi təşəbbüsünü yüksək dəyərləndirir, layihə rəhbərliyi ilə öz təklifləri və tövsiyələrini bölüşürlər.
Layihəyə rəhbərlik edən “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin sədri Könül Quliyeva bu günlərdə tanınmış əməkdar elm xadimi, professor Şahlar Əsgərovla görüşmüş, təcrübəli pedaqoqun layihə ilə bağlı fikirlərini öyrənmiş, dəyərli məsləhətlərindən faydalanmışdır. Ş.Əsgərov təhsilalanların bilavasitə iştirakı ilə və QHT-nin nəzarəti altında fəaliyyət göstərəcək saytda “Elm və texnika yenilikləri”, “Azərbaycançılıq: tariximiz, mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz”, “Sağlam həyat tərzi”, “Dahilər və tanınmışlar”, “İdeyalar bankı” kimi rubrikaların yer alacağı təqdirəlayiq hesab edərək “chevik.az” saytının gənclərin həm asudə vaxtlarının səmərəli təşkilinə, həm də onlara sosial şəbəkələrdə ünsiyyət mədəniyyətinin aşılanmasına xidmət göstərə biləcəyini vurğulayıb.
Qeyd edilib ki, xüsusi istedada malik uşaqları diqqət mərkəzində saxlamaqla biz onların gələcək ictimai, sosial və elmi fəaliyyətini stimullaşdırmış, öz bilik və bacarıqlarından səmərəli istifadə etmək imkanı yaratmış oluruq. Şahlar Əsgərovun fikrincə, bu gün təhsilini başa vurmuş gənclər əmək fəaliyyətinə başlamaq üçün iş axtarmaqla yanaşı, iş qurmaq bacarığına malik olmalı və bu məqsədlə kiçik sahibkarlığın sirrlərini öyrənməyə çalışmalıdırlar. QHT-nin bu layihəsi gənclərin yaradıcı əmək fəaliyyətinə cəlb edilməsi, onların sahibkarlıq fəaliyyətinin xüsusiyyətləri barədə maarifləndirilməsi baxımından faydalı ola bilər.
Təcrübəli pedaqoqun bu fikri layihə rəhbərliyinə yeni yaradılacaq saytın rubrikalar sırasına “Vakansiyalar” bölməsinin də əlavə edilməsini məqsədəuyğun hesab etməyə imkan verdi. Səmimi fikir mübadiləsi şəraitində keçən görüşdə QHT sədri Könül Quliyeva layihə iştirakçıları adından professor Şahlar Əsgərova dəyərli tövsiyələrinə görə minnətdarlağını bildirib, saytın gənclərdən ibarət işçi qrupunun gələcəkdə də onun məsləhətlərindən bəhrələnəcəyinə ümid bəslədiyini bildirib. Sonda təşkilat sədri onu da qeyd etdi ki, ölkənin tanınmış elm və təhsil mütəxəssisləri ilə görüşləri davam edəcək.




Facebook'da Paylaş