“SÖZ” JURNALININ BAŞ REDAKTORUNA AÇIQ MƏKTUB
Oktyabrın 10-da şair-dramaturq, publisist Şəkər Aslanın və pedaqoji elmlər doktoru, professor Əjdər Ağayevin doğum günüdür. İndi haqq dünyasında olan bu unudulmaz simaların 85 yaşları tamam olur.Şəkər Aslanın 80 illiyi ərəfəsində Əjdər müəllimdən xatirələrini yazmasını xahiş etmişdim.Əjdər müəllim xatirələrini məktub şəklndə yazıb mənə ünvanladı.İndi həmin xatirələri saytın izləyicilərinə təqdim edirəm.
Ruhları şad olsun.
"Söz" Jurnalının baş redaktoru Sevda Əlibəyli
“SÖZ” JURNALININ BAŞ REDAKTORUNA
AÇIQ MƏKTUB
Ömrün yollarında dumanlar, çənlər
Min yol xatirəsi gələcək dilə.
Nə qədər yaşayır onu sevənlər,
O qədər yaşayır özü də hələ...
Şəkər AslanÇox hörmətli Sevda xanım!
Sizin hazırda baş redaktor olduğunuz “Söz” jurnalının hər sayını maraqla qarşılayıram. Dərc etdiyiniz biri-birindən maraqlı, oxunaqlı məqalələri, hekayələri, şeirləri, xatirələri, təbrikləri... digər oxucular kimi, mən də böyük həvəslə oxuyuram, xeyli məlumatlanıram. Jurnalın dizaynı, illustrasya bəzəyi onun məzmununu əyaniləşdirir, daha da zənginləşdirir.
Hər yeni nəşr olunmuş “Söz”ü açarkən ilk səhifədə keçmiş tələbə yoldaşım, uzun müddət dostluq etdiyim, görkəmli şair və jurnalist Şəkər Aslanın portret-şəkli ilə rastlaşıram. Hər dəfə sanki onu təzəcə görürmüşəm kimi seyr edirəm, ötən günlərdəki onunla bağlı xatirələrimi yada salıram, şeirlərindən bildiyim misraları dodaqaltı pıçıldayıram. Şəklin altında yazılmış sözləri hər dəfə fərəhlə oxuyuram: “Jurnalın naşiri və ilk baş redaktoru Şəkər Aslan olmuşdur.”.
Təkcə bu faktın özü göstərir ki Siz nə qədər böyük ürəyə, sənət və dostluq sədaqətinə maliksiniz.
Çox hörmətli Sevda xanım!
Neçə gün öncə mənə telefon açıb bildirəndə ki, Şəkər Aslanın 80 illik yubileyinin keçirilməsi təşəbbüsü irəli sürülüb, çox sevindim. Deyəndə ki, bir xatirə yazısı ilə “Söz”də çıxış edim, qürurlandım. Çünki Şəkər Aslan bir dost, yoldaş, həmkar olaraq mənim xatirimdə daimi yaşayan bir insan, ədəbiyyatımızda özünə məxsus yüksək poetik mövqeyi olan sənətkardır. Belə bir şəxsiyyət haqqında xatirə yazmaq kədərli olduğu kimi,həm də qürurludur.
Şəkər Aslanla ilk tanışlığım 1955-ci ilin sentyabr ayına təsadüf edir. O zaman hər ikimiz Azərbaycan Dövlət Pedaqoji İnistitununa qəbul olunmuşduq, filalogiya fakültəsində təhsil alırdıq. O lənkəranlı gənclə tezliklə dostlaşdıq, həmfikrə çevrildik. Tələbə yoldaşlarımızdan Azərbaycan radiosunun diktoru Sabutay Quliyevlə, Astaradan gəlmiş gənc Əhədulla Qəmbərovla(sonralar o Əhəd Muxtar imzası ilə ədəbi yaradıcılıq fəaliyyəti göstərirdi), dərbəndli gənc Nəriman Ağasıyevlə (o da şair idi) birlikdə müzakirələr aparır, nitq qaydaları, şeir, hekayə yazmağın xüsusiyətləri haqqında, o zamankı məşhur əsərlərdəki obrazlar barəsində söhbətlər edir, yazdığımız şeirləri biri-birimizə oxuyurduq. Çox sevdiyimiz müəllim və ədib İsmayıl Şıxlının apardığı tələbələrin ədəbi-yaradıcılq dərnəyində iştirak edirdik. Böyük həvəslə ədəbi prosesləri öyrənməyə çalışırdıq.
Birinci kursu başa vurduq, yay tətilinə çıxdıq. İntizarla sentyabr ayının gəlməsini, yenə birlikdə olacağımızı gözləyirdik. Düşünürdüm ki, Sabutay Quliyev bizi yenə futbol yarışlarına aparacaq, diktorluq sənətinin möcüzələrindən danışacaq. Amma mən düşünən kimi olmadı. Sentyabr gəldi. Tələbə yoldaşlarımız auditoryalarda dərslərə başladı, böyük alim və müəllimlərimiz Mikayıl Rəfilinin, İsmayıl Şıxlının, Şıxəli Qurbanovun, Həmid Əliyevin, Zeynal Tağızadənin, Paşa Əfəndiyevin, Şükür Sadıqovun və digər bizə dərs deyənlərin muhazirələrini dinlədikcə dinləmək istəyirdik. Bir həftə keçdi, ikinci həftə keçdi, nə Şəkər Aslan gəldi, nə də Sabutay Quliyev. Öyrəndik ki, Şəkər Lənkəran rayon qəzetində işə başlayıb, Sabutay isə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə keçib.
Şəkər Aslan çox istiqanlı, mehriban, səmimi bir gənc idi. Sentyabrn sonunda ondan məktub aldım. O, şeirlər yazmasından, Moskvaya- M. Qorki adına Ədəbiyyat İnstituna oxumağa gedəcəyindən yazırdı. İndi unutduğum, o zaman isə Şəkərə həvəslə oxuduğum bir şeirimdən bir beyiti də bəyəndiyini bildirib, mənə yazmışdı. Beləcə biz məktublaşmalarla fəaliyyətimizi biri-birimizə izhar edirdik...
İllər keçdi, ali təhsili başa vurduq,hərə öz işi ilə məşğul idi. Şəkərlə əlaqələrimiz yenə də davam edirdi. Şəkəri Lənkəran rayon qəzetinin redaktoru vəzifəsinə təyin etmişdilər. Tez-tez mətbuatda dərc olunmuş şeirlərini oxuyurdum. Ara- bir şeir kitabları çap olunur, kütləvi tirajla yayılırdı, oxucuların böyük marağına səbəb olurdu.
1970-ci illərin ortalarında Lənkəranda ezamiyyətdə olarkən, Şəkərlə görüşdüm, xeyli söhbətləşdim. Rəhbəri olduğu qəzetin redaksiyasına getdik. Qəzetin yaradıcı heyəti ilə, eyni zamanda, rayon mətbəəsinin imkanları ilə məni tanış etdi. Jurnalist və naşir peşəkarlığı sohbətindən sonra Boladi kəndinə - Şəkərin ata yurduna gedəsi olduq. Burada sohbətimiz yenə də ədəbiyyatdan, poeziyadan oldu, o mənə bir silsilə yeni şeirlərini oxudu. Qeyd etmək istərdim ki, Şəkər Aslanın poeziysı, həm sənətkarlıq baxımından, həm də səmimiliyi, təbii xalq ruhuna uyarlığı ilə seçilirdi. Onun ruhuna, ilhamına, sənət duyğularına “Cənub mirvarisi” Lənkəran-Astara ovalığının, füsünkar Hirkan meşələrinin, yaşıllığa bürünmüş Talış dağlarının gözəllikləri bələnmişdi. O gözəlliklər insanı valeh edəcək dərəcədə Şəkər Aslan poeziysında açıq-aydın verilirdi. Şəkər Aslanın insanlıq aləmi, şəxsiyyət tutumu da bu gözəlliklərdən zinətlənmişdi.
Lənkəran Şəhər Partiya Komitəsinin birinci katibi Dilruba Camalova da 1955-ci ildə bizim kimi APİ-yə qəbul olunanlardan idi. Ancaq o, riyaziyyat fakültəsində təhsil alırdı. Tələbə yoldaşlarımızdan olan Dilruba xanım bir müddət riyaziyyat müəllimi işlədikdən sonra partiya işinə irəli çəkildi, raykomun birinci katibi vəzifəsinə qədər yüksəlmişdi. Biz Şəkərlə Dilruba xanımın iş yerinə getdik, orada onunla görüşdük. Dilruba xanım Şəkərin həm redaktorluq fəaliyyətindən, həm də yaradıcılığından böyük razılıqla söhbət açdı. Onu Lənkəranın mənəvi sərvəti kimi dəyərləndirdi...
Sonralar Şəkərlə həm Lənkəranda, həm də Bakıda görüşlərimiz olurdu. O, Bakıda olarkən ali təhsilə başladığı APİ-yə də baş çəkir, oradakı əbəbi-bədii tədbirlərdə iştirak edirdi. Səhv etmirəmsə, 1980-ci illərin sonlarında APİ-dəki görüşümüz zamanı o mənə Moskvada nəşr olunmuş “Живу у моря” kitabını hədiyyə etdi. Digər kitablarını da mənə göndərmişdi.
Biz bəzən ürək sohbətləri edirdik. Onun mənəvi dünyası, poeziya aləmi çox zəngin idi. Amma müəyyən problemlərlə qarşılaşır, maddi çətinliklərlə üzləşirdi. Söz yox ki, iradəli idi, zəhmətkeş idi, qazancı gündəlik dolanışığına çatırdı, amma bazar iqtisadiyyatının tələbləri ilə uyğunlaşa bilmirdi...
Şəkər insanlarda xeyirxahlıq, qayğıkeşlik, sədaqətlilik, sözübütövlük dəyərlərini çox sevirdi. Həmişə yaxşılara rast gəlmək, yaxşıların nümunəsini yaymaq cəhdində idi. Onun şair qəlbi sözü ilə əməli bir olmayan insanlardan tez incik düşürdü. Təsadüfi deyildir ki, bu acını dilə gətirərək yazmışdı:
Həyatda yol getdim xeyirlə-şərlə,
Dedim ayırd edim yaxşını pisdən.
Üz-üzə gəldikcə nakişilərlə,
Sevdim kişi ruhlu qadınları mən.
Çox hörmətli Sevda xanım!Siz həmin kişi ruhlu qadınlardansınız. Şəkər Aslan poeziyasına, Şəkər Aslanın başladığı quruculuq əməllərinə sədaqətlə yanaşaraq onu təbliğ edir, “Söz”ün hər sayında Şəkər Aslanı yad edirsiniz.
Şairin bugünlərdə keçiriləcək 80 illik yubileyinə hazırlıq təşəbbüsləriniz, Şəkər Aslan poeziyasının səsləndirilməsinə çalışmağınız, həm onun əbədi yaşarlığına bir nişanə, həm də sədaqətinizə bir örnəkdir.
Allah Sizə yar olsun!
Böyük şairimiz Şəkər Aslanın ruhu şad olsun!Əjdər AĞAYEVpedaqoji elmlər doktoru, professor
Azərbaycan Yazıçılar Birliyinin üzvü
Facebook'da Paylaş