Aİ: "Rusiya hərbçiləri Vinnitsadakı hadisələrə görə cavab verəcək

15-07-2022, 13:27

Aİ: "Rusiya hərbçiləri Vinnitsadakı hadisələrə görə cavab verəcək

“Rusiyanın Ukraynanı səbəbsiz işğalı zamanı törətdiyi hərbi cinayətlərə görə cəzasız qalması yolverilməzdir. Vinnitsanın vəhşicəsinə atəşə tutulmasına və Ukraynanın digər şəhərlərində dinc əhalinin öldürülməsinə görə məsuliyyət daşıyanlar məsuliyyətə cəlb olunacaqlar”.

Ordum.az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının ali nümayəndəsi Cozef Borel və Avropanın böhranların idarə edilməsi üzrə komissarı Janez Lenarçiçin bigə yaydığı bəyanatda bildirilib.

“Ukraynadakı Rusiya ordusu Vinnitsa şəhərində mülki əhalinin evlərinə və mədəniyyət mərkəzinə hücum edib. Nəticədə 20-dən çox insan həlak olub, onlarla insan yaralanıb. Yaralananların çoxu ağır vəziyyətdədir. Aİ mülki əhalinin davamlı atəşə tutulmasını qəti şəkildə pisləyir”, - bəyanatda qeyd olunub.

Aİ nümayəndələri bəyan ediblər ki, Rusiyanın Ukraynaya qarşı apardığı müharibə artıq 4 ay yarımdır ki, ölkəni viran edir:

"Buça, Mariupol, Kramatorsk, Kremençuq, Slavyansk, Çasov Yar, Xarkov, Odessa, indi də Vinnitsa. Rusiya silahlı qüvvələri və onların əməkdaşları bütün Ukraynada qan izi buraxırlar. Artıq minlərlə dinc sakin həlak olub. Rusiya qoşunları və onların siyasi liderləri törətdikləri cinayətlərə görə cəzasız qala bilməzlər”.

Onlar bildiriblər ki, cinayətləri törədənlər beynəlxalq hüquq normaları çərçivəsində cavab verəcəklər.




Facebook'da Paylaş