Miqrasiya Sahəsinin İnkişafı İB layihəsini yekunlaşdırıb
Miqrasiya Sahəsinin İnkişafı İB layihəsini yekunlaşdırıbAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Miqrasiya Sahəsinin İnkişafı İctimai Birliyi tərəfindən həyata keçirilən "Narkotik vasitələr, zərərli vərdişlər və narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirmə tədbirləri" adlı layihəyə yekun vurulub. Bu barədə məlumat verən İctimai Birliyin sədri və layihə rəhbəri Vidadi Fətullayev Bakı şəhəri, Abşeron və Siyəzən rayonlarında 600 nəfərdən çox iştirakçının qatıldığı 6 tədbir həyata keçirdiklərini qeyd edib.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun (NMDK), Daxili İşlər Nazirliyi, Bakı Narkoloji Dispanseri, Yerli İcra Hakimiyyəti orqanları və rayon Təhsil şöbələrinin dəstəyi və adı çəkilən qurumların nümayəndələrinin iştirakı ilə keçirilən tədbirlərdə iştirakçılar narkomaniyaya qarşı Azərbaycan dövlətinin apardığı mübarizə, görülən profilaktiki tədbirlər, qanunvericilikdəki yeni dəyişikliklər, narkotik vasitələrin tərkibi, onların insan sağlamlığına və cəmiyyətə vurduğu ziyanlar, bu hallarla qarşılaşdıqlarında atacaqları addımlar və narkomaniyaya qarşı cəmiyyət içərisində maarifləndirmə işlərinin necə aparılması barədə ətraflı məlumatlandırılıblar.
Siyəzən rayonunda keçirilən tədbirimizdə Milli Məclisin deputatı,Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədri Sadiq Qurbanov da iştirak etdi və cəmiyyətimizə ziyan verən narkomanlıqla mübarizənin dövlət başçımızın daim nəzarətində olduğunu, həmçinin ölkə rəhbərliyinin vətəndaşların hüquqlarının və sağlamlığının qorunması yolunda atdığı addımlar, qanunvericiliyə edilən yeni dəyişikliklər barədə geniş məlumat verdi.
Tədbirlərdə iştirakçılara mövzu ilə bağlı bukletlər və təlim çap materialları paylanılıb, slaydlar vasitəsilə məlumatlar təqdim edilib. Pandemiya dövründə kütləvi tədbirlərin keçirilmədiyi nəzərə alınarsa, son 2 ilə yaxın müddətdə maarifləndirmə işləri də xeyli azaldığından tədbir iştirakçıları həm pedaqoji heyət, həm də tələbə və şagirdlər arasında, narkotik vasitələrin növləri, onların qanunsuz dövriyyəsi və zərərləri barədə məlumatlar verilən tədbirlərin artırılmasının vacibliyini qeyd etdilər.
Tədbirlərdə,ölkəmizdə təhsil alan əcnəbi tələbələrdən də iştirak edənlər oldu, biz inanırıq ki, onlar üçün də narkotiklərə və zərərli vərdişlərə qarşı maarifləndirmə tədbirlərində iştirak etmək faydalı olub.
Keçirilən tədbirlərin və mövzunun aktuallığını, cəmiyyətimiz üçün vacibliyini nəzərə alaraq təşkilatımız tərəfindən, müvafiq dövlət qurumları ilə birlikdə, təhsil ocaqlarında şagird və tələbələr arasında maarifləndirmə tədbirləri davamlı həyata keçiriləcək.
Vidadi FətullayevMiqrasiya Sahəsinin İnkişafı İctimai Birliyinin sədri
Facebook'da Paylaş