Hər xeyirli iş bir uğur qapısı açır.

27-04-2022, 20:55

Hər xeyirli iş bir uğur qapısı açır.

Hər xeyirli iş bir uğur qapısı açır.
QHT-lərə dəstək günün zərurətidir. Etiraf olunası haldır ki, dövlətçilik işinin ümdə hal almasında Qeyri-Hökumət təşkilatları xüsusi rol oynayır. Müstəqillik illərindən başlayaraq bu təşkilatlar cəmiyyət resurslarının nizamlanmasında üzərlərinə böyük məsuliyyət götürüb, öz proqramlarına uyğun zəruri addımlar atırlar. Son illər bu proses bir qədər də sürətlənib. Heç şübhəsiz, 17 aprel 2022-ci ildə Vüsalə Qələndərlinin müəllifi olduğu "İstedadları tanıyaq və tanıdaq" layihəsi əsasında Gəncə şəhərində şəhid ailələri ilə keçirilən görüşü də ictimai təşkilatların vətəndaşlara diqqəti, cəmiyyət qarşısındakı hesabatı kimi qəbul etmək olar. Görüş Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Vətən müharibəsi qəhrəmanlarının övladları ilə mədəni tədbirlərin keçirilməsi" adlı layihə çərçivəsində baş tutmuşdur. Məlumat üçün bildirək ki, ictimai fəal Vüsalə Qələndərlinin rəhbəri olduğu layihənin əsas qayəsi 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olanların ailələrinə və ya yaralanmış şəxslərə qayğı göstərmək, gənclərə vətənpərvərlik hissləri aşılamaqdır. Bu rakursda Gəncədə keçirilən görüşə Vətən müharibəsində şəhid olmuş, yaralanmış şəxslərin valideynləri və övladları dəvət olunmuşdur. Qonaqları – tədbirə toplaşmış şəxsləri Gəncə şəhər İcra Hakimiyyəti Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, Vətən müharibəsi iştirakçısı Ayxan Babayev qarşılamış, əvvəlcə onlara Gəncə şəhəri haqqında geniş məlumat vermiş, son illər ölkəmizdə daha da güclənən vətəndaşlıq əzmindən, dövlətimizin insanlara göstərdiyi qayğıdan və gənclərin Vətənə məhəbbətindən danışmışdır.

Tədbir iştirakçıları sonra Azərbaycan Dövlət himninin sədaları altında Nizami Gəncəvinin məqbərəsini ziyarət etmiş, məqbərənin önünə toplaşmışlar. Orada onları Nizami Gəncəvi məqbərəsinin direktoru Gülnarə İsmayılova qarşılamış, qonaqlara Nizami Gəncəvinin həyat və yaradıcılığı, şairin “Xəmsə”si barədə məlumat vermişdir. Daha sonra şəhidlər haqqında yazılmış şeirlərdən parçalar söylənmiş, onların qəhrəmanlığı, ölməzlikləri haqqında geniş danışılmışdır. Sonra şəhid analarına söz verilmişdir. Şəhid mayor Səyavuş Kəlbalıyevin anası Yeganə xanım, şəhid Fəxri Məmmədovun anası Kəmalə Məmmədova, qızı Fatimə və İlahə Məmmədovalar, şəhid Tural Dəmirçiyevin anası Səadət xanım, qardaşı Ramal Dəmirçiyev, şəhid Mirsuleyman Süleymanovun anası Mətanət xanım, şəhidin bacısı Aytac Süleymanova, şəhid Ramin Əliyevin həyat yoldaşı Natiqə Əliyeva və övladı Dünyamin və başqaları çıxış etmiş, ürək sözlərini bildirmiş, şəhid ailələrinə göstərilən qayğı üçün dövlət başçısına və bu işdə zəhməti keçən hər kəsə təşəkkürlərini bildirmişlər. Tədbir iştirakçıları daha sonra Gəncə şəhərində yerləşən Nizami Gəncəvi adına "Xəmsə" muzeyində olmuşlar. Onları muzeyin əməkdaşları qarşılamış, muzey haqqında məlumat vermişlər. Bildirmişlər ki, muzeyin tikintisinə 2013-cü ildə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə başlanılmış və muzey 2014-cü ildə istifadəyə verilmişdir. Muzey əməkdaşları Nizami Gəncəvinin divardan asılmış xalça-portretini göstərərək bildirmişlər ki, bu əl işi 2009-cu ildə xalçaçı usta Şərif Şərifov tərəfindən toxunmuş, muzeyə hədiyyə edilmişdir. Xalçanın üzərində həm də Nizami Gəncəvinin əsərlərindən ibarət kompozisiya təsvir olunmuşdur. Muzey əməkdaşları daha sonra rəfdə diqqət çəkən bir kitabı göstərərək bildirmişlər ki, bu kitab 1860-cı ildə fars dilində nəşr olunmuşdur. Ümumiyyətlə, bu muzeydə tariximizi, milli varlığımızı əks etdirən eksponatlar yer alır. Tədbir iştirakçıları muzeylə tanışlıqdan sonra Qələbə və Heydər Əliyev parkında olmuş, İstiqlal parkında ucaldılmış Memarlıq Abidə Kompleksini ziyarət etmişlər. İştirakçılara daha sonra 44 günlük Vətən müharibəsi zamanı erməni separatçılarının Gəncəyə atdıqları raketlərin dağıdıcı təsirindən yerlə yeksan olmuş binalar göstərilmiş, dağıntılar haqqında geniş məlumat verilmişdir. Tədbirə qatılmış uşaqlara xüsusilə bildirilmişdir ki, erməni faşistləri təkcə Gəncədə deyil, Mingəçevir, Bərdə, Ağcabədi, Goranboy, Tərtər, Tovuz və bir neçə şəhər və rayonlarımızda da dinc əhaliyə qarşı terror törətmiş, mülki şəxslər həlak olmuşdur. Gəncə şəhər İcra Hakimiyyəti Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ayxan Babayev tədbir boyu iştirakçılarla bir yerdə olmuş, onları müşayiət etmişdir.

Böyük maraq və zəruri həyəcanla keçən tədbirin sonunda layihə rəhbəri Vüsalə Qələndərli bütün gəncəlilərə göstərdikləri isti münasibət üçün təşəkkür etmiş, belə layihələrin cəmiyyətdə vacib rol oynayacağından danışmış, dövlət dəstəyi üçün əlaqədar şəxslərə minnətdarlığını bildirmişdir. Bəli, QHT-lər ictimai proseslərin həllində üzərlərinə düşən məsuliyyəti dərindən dərk edirlər. Vüsalə Qələndərlinin müəllifi olduğu layihə də məhz bu zəruri işin tərkib hissəsidir. Ümumiyyətlə, dövlətimizin inkişafı üçün iş görən hər kəsi alqışlayır, onlara uğurlar diləyirik.

Hüseyn Məmmədov,
AJB-nin üzvü




Facebook'da Paylaş