Müvəkkil Hüquq Mərkəzi layihəsinin yekun təqdimatını keçirib.
"Şəhid ailələrinin, müharibə əlillərinin və müharibə veteranlarının hüquqlarının təşviqi" layihəsinin yekun təqdimatı keçirilibBeynəlxalq Avrasiya Mətbuat Fondunun mərkəzi ofisində Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə, Müvəkkil Hüquq Mərkəzinin "Şəhid ailələrinin, müharibə əlillərinin və müharibə veteranlarının hüquqlarının təşviqi" layihəsinin yekun təqdimatı keçirilib.
Təqdimat mərasimində tanınmış ictimai-siyasi xadimlər, media təmsilçiləri, QHT nümayəndələri və şəhid ailələrinin üzvləri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov "Şəhid ailələrinin, müharibə əlillərinin və müharibə veteranlarının hüquqlarının təşviqi" layihəsi barədə məlumat verib. Bildirib ki, layihə 1 fevral - 1 may 2022-ci ili əhatə edir.
“Layihə çərçivəsində Səs TV-də şəhid və müharibə iştirakçıları ilə bağlı 3 veriliş çəkilib. Həmin verilişlər şəhid statusunun verilməsi, şəhid adlarınının əbədiləşdirilməsi və müharibə veteranları, onların statusunun verilməsi, həmçinin imtiyazları haqqında qanun bazası, normativ hüquqi aktlar, eləcə də şəhid və veteran ailələrinin mənzillərlə təmin olunmasına həsr olunub. Bundan başqa Şabran, Siyəzən, Quba və Tərtər rayonlarında layihə çərçivəsində şəhid ailələri, müharibə veteranları və onların hüquqlarının təklifi ilə bağlı tədbirlər keçirmişik. Ümumilikdə bu görüşlərdə 100-ə yaxın şəxs iştirak edib”.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev Müvəkkil Hüquq Mərkəzinin ölkəmizdə mövcud olan təşkilatların böyük əksəriyyəti üçün təmənnasız xidmət göstərməsinə diqqət çəkib.
BAMF rəhbəri vətəndaş cəmiyyəti sektorunda fəaliyyət göstərən təşkilatlar üçün prioritet məsələnin vətənə və xalqa xidmət olduğunu vurğulayıb.
“Azərbaycanın gələcəyi vətəndaş cəmiyyəti sektorunun inkişafındadır. Bu, dövlət siyasətinin əsas tərkib hissəsidir. Qarabağın gülüstana çevrilməsi də bu sektorun inkişafı ilə bağlıdır".
Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni Müvəkkil Hüquq Mərkəzinin həyata keçirdiyi "Şəhid ailələrinin, müharibə əlillərinin və müharibə veteranlarının hüquqlarının təşviqi" layihəsinin əhəmiyyətindən danışıb.
“1994-cü ildə şəhidlik statusu almayan bir çox şəhid və itkin düşən şəxslər vardı. Milli Məclisdə irəli sürdüyüm təklifə əsasən qanuna üç bənd əlavə olundu. Bu əlavəyə görə 6 ay müddətində haqında məlumat daxil olmayan hərbçi şəhid hesab edilir və şəhid ailələrinə aid edilən güzəştlər onun ailəsinə tətbiq olunurdu. O zaman irəli sürülən şəxsi təşəbbüs indi artıq ictimai əsasda həyata keçirilir və bu bizi çox sevindirir”.
Rauf Zeyninin sözlərinə görə hüquq sahəsində maarifləndirmə işlərinin görülməsinə ciddi ehtiyac var.
“Vətəndaşlarımız, o cümlədən şəhid ailələri, qazilər, müharibə əlilləri və veteranlarımız hüquqlarını hələ də lazımi səviyyədə bilmirlər”.
Layihənin eksperti, “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri Cəsarət Hüseynzadə bildirib ki, regionlara səfər çərçivəsində Müvəkkil Hüquq Mərkəzinin hüquqşünasları tərəfindən veteranlara, şəhid ailələrinə kifayət qədər hüquqi xidmətlər göstərilib.
“Müvəkkil Hüquq Mərkəzi layihənin olub-olmamasından asılı olmayaraq bu fəaliyyəti dövri olaraq həyata keçirir. Dövlət tərəfindən şəhid ailələrinə, müharibə əlillərinə və veteranlara uyğun onların dəstəklənməsi siyasəti hər zaman aparılır. Ölkədə uzun müddətdir ki, sosial dəstək mexanizmi işlənilir. Dövlət başçısı İlham Əliyevin 2018-ci ildə prezident seçiləndən sonra ilk fərmanı məhz şəhid ailələri ilə bağlı oldu. Dövlət tərəfindən 2018-ci və 2020-ci illəri müqayisəli götürsək şəhid ailələri və digər şəxslərin mənzil təminatı beş dəfə artıb. 2018-ci ildə 600 nəfərə yardım göstərilibsə, 2020-ci ildə 3000 nəfər bu kateqoriyadan olan insana mənzil verilib”.
Daha sonra digər çıxışlar olub.
Facebook'da Paylaş