Agentlik: "Bəzi tibbi xidmətlərin vahid tarif cədvəli hazırlanır

19-01-2022, 16:05

Agentlik: "Bəzi tibbi xidmətlərin vahid tarif cədvəli hazırlanır

"Hazırda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən xidmətlər zərfinə daxil olmayan tibbi xidmətlərin vahid tarif cədvəlinin hazırlanması üzərində işlər aparılır, sənəd hazırlanıb təsdiq olunduqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək".

Bu barədə "Report"un sorğusuna cavab olaraq agentlikdən bildirilib.

Qeyd olunub ki, xidmətlər zərfinə daxil olmayan və ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tarifləri TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrinin elektron sistemində mövcuddur və hər bir tibb müəssisəsinin daxili qaydaları ilə tənzimlənir: "Sözügedən tibb müəssisələrinə müraciət edən vətəndaş xidmətlər zərfi ilə təminata alınan tibbi xidmətlərin tarifi haqqında müraciət etdiyi xəstəxanadan məlumat əldə edə bilər. Sözügedən tibb müəssisələrində ödənişli tibbi xidmətlərin tarifləri özəl tibb müəssisələri ilə müqayisədə kifayət qədər aşağıdır və kommersiya məqsədi daşımır. Nəzərə çatdıraq ki, məqsəd əhalini daha çox sayda tibbi xidmətlə təmin etmək və xidmətlərin əlçatanlığını artırmaqdır".

Xatırladaq ki, bir müddət əvvəl Milli Məclis “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna dəyişiklikləri qəbul edib. Dəyişikliklər icbari tibbi sığorta ilə əhatə olunmayan və dövlət tibb müəssisələri üzrə əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərinin təsdiq edilməsinin hüquqi əsasının yaradılması məqsədilə edilib.




Facebook'da Paylaş