Polis əməliyyatlar keçirib, daha 45 nəfər saxlanılıb
Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı son 15 gün ərzində rayonun Hövsan, Əmircan, Bülbülə, Yeni Günəşli və digər qəsəbələrində həyata keçirdikləri əməliyyatlar zamanı 6 nəfər saxlanılıb.
Bu barədə Ordum.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Əməliyyatlar zamanı Ramin Əsgərov, İqor Romanov, Yusif Həsənov, Rəhman Cəfərov, Rəşad Hüseynov və Tərlan Abbasov narkotik vasitələrin satışı ilə məşğul olduqları üçün tutularaq istintaqa cəlb ediliblər. Bu şəxslərdən ümumilikdə 2 kiloqrama yaxın müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə, həmçinin satışı qadağan edilən həblər aşkar edilib.
İdarə əməkdaşları tərəfindən həmçinin qeyd edilən dövr ərzində keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 39 nəfər saxlanılıb. Bu şəxslərin hər biri barəsində Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar başlanılıb. Saxlanılan şəxslərdən külli miqdarda narkotik vasitə və psixotrop maddə aşkar edilib.
Həmçinin idarə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyatlar zamanı Yeni Günəşli qəsəbəsində 5 mənzildən oğurluq edən Emin Cəfərov və saxta pul hazırlayaraq dövriyyəyə buraxmağa çalışan Elcan Şahverdiyev saxlanılıb. Sonuncudan 600 manat saxta əskinas aşkar olunaraq götürülüb.
Qeyd olunan faktlarla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.
Suraxanı rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və digər hüquqazidd əməllər törədən şəxslərin ifşa edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir
Facebook'da Paylaş