ABŞ-ın din xadimləri Ermənistanın vandalizmi barədə məlumatlandırılıb

28-10-2021, 17:22

ABŞ-ın din xadimləri Ermənistanın vandalizmi barədə məlumatlandırılıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı ABŞ-ın bir qrup islam, xristian və yəhudi dini icma rəhbərləri ilə görüşüb.

Dövlət Komitəsindən Ordum.az-a verilən məlumata görə, sədr M.Qurbanlı ABŞ-a səfərləri çərçivəsində keçirilmiş görüşləri xatırladaraq qarşılıqlı əlaqələrin əhəmiyyətindən danışıb.

Bugünkü qonaq heyətinin tərkibində xristian, islam və yəhudi dininə mənsub tanınmış şəxslərin olmasını qeyd edən Komitə sədri bunun Azərbaycandakı dinlərarası harmoniyaya bənzədiyini bildirib.

O qeyd edib ki, ölkədə dini konfessiyalar arasındakı münasibətlərin kökündə bir - birinin dini inancı və mənəvi dəyərlərinə dərin hörmət dayanır və dövlətin dini konfessiyalara münasibətində bərabərlik prinsipi mütləq mənada qorunur: "Bu prinsipi Azərbaycandakı dini icmaların fəaliyyətinin dəstəklənməsi istiqamətində ardıcıl tədbirlərin görülməsində aydın şəkildə müşahidə etmək olar".

Görüş zamanı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış şanlı qələbəmizə diqqət çəkən DQİDK sədri işğaldan azad edilmiş ərazilərimizdə təcavüzkar Ermənistan dövlətinin vandal əməlləri, o cümlədən xalqımıza məxsus çoxəsrlik qədim tarixi-dini abidələrin dağıdılması və Qafqaz Albaniyasına məxsus kilsələrin saxtalaşdırılması faktlarını xüsusilə vurğulayıb.

Dini icma rəhbərləri səfərləri müddətində canlı şahidi olduqları tolerantlıq və dini müxtəliflik mühitini təqdir etdiklərini qeyd ediblər.

Azərbaycanda fəaliyyət göstərən müxtəlif dini ibadətgahları ziyarət etdiklərini, o cümlədən Ağdam, Şuşa, Gəncə şəhərlərində olduqlarını söyləyən qonaqlar müxtəliflik, eyni zamanda inklüzivliyin dövlət və xalqımızın prioritetləri sırasında öncəlik təşkil etdiyini qeyd ediblər.

Ölkədə qeyri-islam dini icmalara göstərilən diqqət və qayğını ən yaxşı tolerantlıq nümunəsi kimi dəyərləndirən icma rəhbərləri Heydər məscidində qılınan vəhdət namazını heyranlıqla izlədiklərini, Azərbaycanın dinlərarası harmoniya baxımından gözəl bir örnək olmağa davam etdiyini deyiblər.

Sonda qonaqlara DQİDK-nın ingilis dilində nəşr etdirdiyi kitablar hədiyyə olunub.




Facebook'da Paylaş