ZƏNGƏZUR XATİRƏLƏRİ -Başıma gələnlər
Xıdır İBRAHİMOV,
Texnika üzrə fəlsəfə doktoru, dosent
ZƏNGƏZUR XATİRƏLƏRİ (Başıma gələnlər)1987- ci il oktyabr ayının 17-si idi. Qədim Azərbaycan torpağı olan doğulduğum Zəngəzur mahalının Kirs kəndindən Qafan şəhərinə gəlmişdim. Şəhərdə bəzi sənədləşmə işləri ilə əlaqədar olaraq Gığı dərəsi istiqamətinə gedən avtobusa çata bilmədim. Avtobus gündə bir dəfə saat 1500-da 9 mərtəbə deyilən dayanacaqdan yola düşürdü. Mən isə dayanacağa saat 15 40 -da çatmışdım. Ətrafa göz gəzdirdim ki, tanıdığım adamlardan kimsə varsa, onunla birlikdə taksi sifariş edib kəndə gedək. Bu zaman kəndimizin ağsaqqalı və çox dəyərli insan Ziyəddin dayını gördüm. Görüşdük və qərara gəldik ki, taksi tutub kəndə gedək.
Ümumiyyətlə Qafandan Kirs-Kuruda taksilər 25 rubla, qış aylarında və yollarda çox qar olduqda 30 rubla gedirdilər. Nə isə biz hansı taksiyə yaxınlaşırdıqsa bizi kəndə aparmaqdan imtina edirdilər. Əvvəllər kəndə getmək üçün “yalvaran” erməni taksi sürücüləri indi qəti imtina edirdilər. Biz çox danışıqlar apardıqdan sonra biri 40 rubla aparmağa razılaşdı. Amma Ziyəddin dayı mənə dedi ki, burda nəsə bir sirr var. Ziyəddin dayı çox sosial və ünsiyyətcil adam olduğundan, həmçinin erməni dilini bildiyindən bir neçə dəfə müxtəlif suallarla sürücü ermənidən kəndə getməmələrinin səbəbini soruşsa da, heç bir məlumat ala bilmədik. Gedib Gülxac deyilən sərt döngəli dağ yoluna çatanda erməni sürücü birdən Azərbaycan dilində dedi ki, “ara mən elə pis adamam, səhv elədim gəldim”. Ziyəddin dayı dərhal yeni suallar verməklə bunun səbəbini öyrənməyə çalışdı. Nəhayət sürücü izah etməyə başladı ki, bu gün azərbaycanlıların dayağı və SSRİ “Politbüro”sunun üzvü Heydər Əliyevin Mixail Qorbaçovun təklifi ilə siyasi rəhbərlikdən uzaqlaşdırılması ilə əlaqədar olaraq bütün Ermənistan ərazisində “toy-bayram” olacaq, bütün restoranlar pulsuz “yeyib-içmək” verəcək. Mən isə tamahım ucbatından bu tədbirdən kənarda qaldım, sizi gətirdim.
Ziyəddin dayı sual verdi ki, Heydər Əliyevdən niyə bu qədər qorxursunuz? Erməni sürücü bildirdi ki, bizim böyük “planlarımız” var. Heydər Əliyev bu “planların” reallaşmasına mane olur.
Mənim o vaxt cəmi 20 yaşım vardı. Hərbi xidmətdən yenicə gəlmişdim. Nə siyasət bilirdim, nə “plan”. Heç Heydər Əliyevin şəklini də görməmişdim. O vaxtlar yalnız Sovet ideologiyası var idi. O Sovetlər İttifaqı ki, ermənilərin əlində siyasi girova çevrilmişdi. Nə isə biz taksi ilə kəndə çatdıqdan 4 gün sonra yenidən Ziyəddin dayı ilə Kirs kəndində görüşdük. Mən ondan soruşdum ki, taksi sürücüsü nə demək istəyirdi. Ziyəddin dayı mənə izah etdi ki, bu gavurlar 1918- ci ildə kəndimizə silahlı hücum ediblər. Bizimkilər bu xəyanətkarların burnunu əməllicə ovmuşdular. Onlar da fürsət düşən kimi bizə qarşı “plan”larını işə salırlar. Heydər Əliyev bunların qarşısını çox ustalıqla və cəsarətlə alırdı. Yəqin ki, nə isə pis fikirləri var. Allah insanlarımızı və millətimizi qorusun.
Mən də həmin vaxtdan Heydər Əliyev və onun şəxsiyyəti haqqında təsəvvür yarandı və maraq oyandı. Dərhal o vaxt kənd sovetinin katibi işləyən İslam əmimgilə getdim və ondan bir çox məlumat ala bildim. Həmin vaxt İslam əmim kənd sovetinin katibi vəzifəsində işləyirdi. Mən əmimdən xahiş etdim ki, mənə Heydər Əliyevin şəklini tapsın. Bir neçə gündən sonra əmim Qafandan mənə Heydər Əliyevin şəklini gətirdi və bildirdi ki, bu şəkil SSRİ “Politbüro” üzvlərinin Qafan Rayon Partiya Komitəsinin binasında olan şəkildir.
Əmim həmin şəkli gizlicə alıb gətirmişdi.
Bir aydan sonra-1987-ci ilin dekabrında mən işləmək üçün Bakıya gələsi oldum. Onda Heydər Əliyevin həmin şəklini özümlə gətirmişdim və hazırda həmin şəkil qorunub saxlanılır.
Mən Bakıya gəldikdən sonra, 1988-ci ilin fevral ayının 26-da, taksi sürücüsünün dörd ay qabaq dediyi gizli “planlar” qabardılaraq reallaşmağa başladı. Qafan rayonundan Azərbaycan türklərinin qanlı qırğınlarla deportasiyası başladı və artıq 1988-ci ilin dekabr ayına kimi Qafanda və indiki Ermənistan deyilən qədim Türk torpağında bir nəfər də olsun azərbaycanlı qalmadı. Ermənilərin bu vəhşi hərəkətlərinin qarşısını almaq üçün paytaxt Bakıda Xalq Cəbhəsi yarandı. O zaman biz ümid edirdik ki, tezliklə doğma el-obamıza qayıdacağıq. Amma çox təssüf ki, böyük güclərin məkrli siyasəti nəticəsində hələ də öz ata-baba torpaqlarımıza qayıda bilməmişik. Lakin biz inanırıq ki, gec-tez öz doğma yurd yerlərımizə qayıdacağıq.
Artıq yarı yaşa çatmışam. Özümü ata yurdumun şirin xatirələri ilə ovuda-ovuda kəndimizə qayıdacağım günü gözləyirəm. Bu dəfə o xatirələrdən biri də yadıma düşdü. Elə o da Ziyəddin dayı ilə ikinci yol yoldaşlığımızın xatirəsidir. Belə ki, 1988-ci ilin iyul ayının əvvəllərində dağda bizim, Salman əminin, Ziyəddin dayının və Nəriman dayının atını erməniləri oğurlayıb aparmışdı. Çox axtarışdan sonra məlum oldu ki, atlar Gorus rayonunun Tativ kəndindədir. Ziyəddin dayı, İsmayıl müəllim, Süleyman əmioğlu və mən hazırlaşıb getdik atları gətirməyə. Ziyəddin dayıdan başqa heç birimiz özümüzlə heç bir sənəd (pasport), hətta yemək belə götürməmişdik.
Səbətkeçməz deyilən dağdan aşaraq Goruş rayonuna keçdik. Burada 50 nəfərə qədər erməni ot biçirdi. Onlar bizim azərbaycanlı olduğumuzu bildikdə bizə qarşı çox oqressivləşdilər, hətta söyüş söydülər. Çünki özlərinin təşkil etdiyi və törətdikləri “Sumqayıt” hadisələri baş vermişdi.
Onların bu aqressiyasına Ziyəddin dayı mərdcəsinə cavab verdi. Dedi:- Sumqayıtdan gəlib Qarabağa gedirik. Nə demək istəyirsiniz, bizim atlar hardadır yerini deyin, yoxsa sizin üçün pis olacaq. Ermənilərin sayca çox olmasına baxmayaraq biz onlardan atların yerini demələrini tələb edirdik. Onlardan biri bildirdi ki, atlar Tativ kəndindədir. Biz istiqaməti Tativ kəndinə götürüb getdik və nəhayət gəlib kəndə çatar-çatmaz bir erməni gördük. Ziyəddin dayı ondan ermənicə soruşdu ki, 3 atımız və 1 qatırımız itib görməmisiniz. Erməni bildirdi ki, 100 metr qabaqda sola dönün orada bir qara at və bir qatır var. Biz getdik həqiqətən də İsmayıl müəllimgilin atını və Ziyəddin dayının qatırını orada uzun kəndirlə bağlamışdılar. İsmayıl müəllim və Süleyman, əmioğlu kəndiri kəsib atı və qatırı götürdülər. Bu zaman bizdən 200-300 metr yuxarı dağda Tativ kəndinin erməniləri ot biçirdilər. Onlardan biri təmiz Azərbaycan dilində qışqırdı ki, “ata toxunmayın, at və qatır bizimdir”.
Yalan danışan erməniyə fikir vermədən atı və qatırı açıb götürüb kəndin mərkəzinə getdik. Bu zaman dağda ot biçən ermənilər maşınla gəlib bizi girov götürmək istədilər və Süleyman əmioğlunun atını maşınla vurdular. At yıxıldı, Süleyman da atdan yıxıldı. Ermənilərdən biri qışqırdı ki, bunlar kəşfiyyatçılardır dərhal bunları həbs etmək lazımdır. Bu zaman Ziyəddin dayı öz müdrik və uzaqgörənliyindən istifadə edərək kənd sovetinin sədrini çağırmağı tələb etdi və özünün hərbi biletini, pasportunu, partiya biletini göstərərək, Böyük vətən müharibəsi iştirakçısı (1941-1945) olduğunu bildirərək ermənilərə psixoloji təsir edib, kənd sovetinin sədrinin gəlməsini tələb etdi.
Sanki uca Allah bizi qoruyurmuş kimi bayaqdan olan dava-dalaşa kənd sovetinin sədri də gəlib çatmışdı. Bütün mübahisələr erməni dilində gedirdi. Kənd sovetinin sədri yaşlı və bəlkə də Böyük vətən müharibəsi iştirakçısı olan bir kişi idi. O üzünü aqressivləşən kənd camaatına tutaraq sakitləşməyi və bizə toxunmamağı tapşırdı. Aqressiv ermənilər kənd sovetinin sədrinə hücuma keçəndə Ziyəddin dayı bizə təcili aradan çıxmağı məsləhət gördü. Biz atları qamçılayaraq 2 kilometrə qədər torpaq yolu çaparaq, dağ yolu ilə əsas yoldan uzaqlaşdıq. Ziyəddin dayı bildirdi ki, ermənilər maşınla arxamızca gələ bilərlər ona görə yoldan çıxmağımız lazımdır. Həqiqətən də biz yoldan çıxıb dağ yolu ilə uzaqlaşandan sonra qatı bir duman çökdü. Doğrudan da sanki uca yaradan bizi qoruyurdu. Biz Səbətkeçməz dağına qalxdıqca duman seyrəkləşir, yavaş-yavaş yolumuzdan çəkilirdi. Biz Səbətkeçməz dağına çatanda orada mal otaran bir erməni də var idi. Bu erməni atamı tanıyırdı və bizim atımızın harada olduğunu bilirmiş. Ona görə mənə bildirdi ki, atana deyərsən mənimlə görüşsün. Bu başqa bir mövzunun söhbətidir.
Qeyd edim ki, Ziyəddin dayı cəsarəti və uzaqgörənliyi sayəsində bizi girovluqdan qurtara bildi və 2 gün sonra İsmayıl müəllimin atını və qatırı gətirib Səbətkeçməz dağına buraxmışdılar. Bunuda dağa çıxan Rövşən qohum və Hətəmalı qohum atı görmüş və gətirib sahiblərinə təhvil vermişdilər.
Atam İbrahimov Mənsum və Salman əminin Tativə getmələri barədə növbəti yazımda...
Facebook'da Paylaş