Cəmşid Naxçıvanski adına Hərbi Liseydə məzunların 50-ci buraxılış mərasimi keçirilib

15-06-2022, 10:19

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə məzunların 50-ci buraxılış mərasimi keçirilib

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə məzunların 50-ci buraxılış mərasimi keçirilib.

Ordum.az xəbər verir ki, bu il liseyi 330 kursant bitirib.

Tədbirdə Müdafiə Nazirliyinin və ali hərbi məktəblərin nümayəndələri, liseyin rəhbərliyi, kursantlar, təhsil ocağının keçmiş məzunları, müəllimlər, zabitlər, valideynlər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Hərbi orkestrin müşayiəti ilə şəxsi heyət Azərbaycanın dövlət himnini ifa etdikdən sonra, liseyin Döyüş bayrağı təntənəli surətdə sıra meydanına gətirilib.

Milli Müdafiə Universitetinin rektoru vəzifəsini icra edən, professor, general-leytenant Heydər Piriyev çıxışı zamanı 1971-ci ildə əsası Heydər Əliyev tərəfindən qoyulan C.Naxçıvanski adına liseyin Silahlı Qüvvələr üçün zabit kadrlarının hazırlanmasında əvəzsiz rolunu qeyd edib.

O, Silahlı Qüvvələrin, eləcə də Hərbi liseyin Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduğunu xüsusi vurğulayıb. Qeyd edib ki, İyunun 15-i təkcə dövlətçiliyimizin xilası deyil, həm də Azərbaycanın bu gününü, sabahını müəyyənləşdirən tarixdir.

Hərbi Liseyin rəisi vəzifəsini icra edən polkovnik Saday Balayev bildirib ki, Cəmşid Naxçıvanski adına Hərbi Liseydə tam orta təhsil səviyyəsinin texniki və riyaziyyat-iqtisadiyyat istiqaməti üzrə təmayülləşmə həyata keçirilir. Onun sözlərinə görə, liseyə kursant qəbulu Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən sınaqların nəticələrinə əsasən aparılır.

S.Balayev qiqqətə çatdırıb ki, 50-ci - yubiley buraxılışın 15 iyun Milli Qurtuluş Gününə təsadüf etməsi çox sevindirici haldır. Çünki 29 il əvvəl - Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan edib və bu gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub, Azərbaycan dövlətçiliyi yox olmaq təhlükəsindən qurtulub.

Çıxış edən liseyin müəllimi Sevil Qurbanova məzunlara uğurlar diləyərək onlara Vətənə layiqli zabit olmağı arzulayıb. Bildirib ki, bu ilki məzunlardan Xəyyam Məmmədov keçirilən lisey daxili qiymətləndirmədən, eləcə də tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarından yüksək nəticə (284,6 bal) əldə etdiyi üçün tam orta təhsil haqqında fərqlənmə attestatının alınması üçün sənədləri Təhsil Nazirliyinə təqdim olunub.

Kursantlar adından çıxış edən Xəyyam Məmmədov onlara göstərilən etimadı doğruldacaqlarına, dövlətə gərəkli vətəndaş, orduya dəyərli zabit olacaqlarına, Vətən, dövlət və xalq qarşısında vəzifələrini layiqincə yerinə yetirəcəklərinə, hərbçi şərəfini hər zaman uca tutacaqlarına söz verib.
Tədris və intizamda fərqlənən kursantlara, həmçinin digər məzunlara mərasimdə döş nişanları təqdim olunub.

Kursantlar təntənəli marşla keçdikdən sonra hərbi liseyin döyüş bayrağı aparılıb və son zəng çalınıb.




Facebook'da Paylaş