“Vətənpərvər Azərbaycan gəncliyi” devizi altında açıq dərs keçirilib

4-05-2022, 18:12

“Vətənpərvər Azərbaycan gəncliyi” devizi altında açıq dərs keçirilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) fəaliyyət istiqamətlərinə uyğun olaraq tərəfdaş qurumlarla birlikdə gənclər arasında vətənpərvərlik hisslərinin təbliğ olunması, təhsil müəssisələrində vətəndaşlara çağırışaqədərki hazırlıq fənni üzrə dərslərin keyfiyyətli tədrisinə yaxından köməklik göstərilməsi və çağırışaqədər yaş həddində olan vətəndaşların Silahlı Qüvvələrdə müddətli həqiqi hərbi xidmətə hazırlanması məqsədilə silsilə tədbirlər davam etdirilir.

Ordum.az xəbər verir ki, bu gün SHXÇDX və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə plana uyğun olaraq paytaxtın Nizami rayonunda yerləşən 70 saylı məktəb-lisey kompleksində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Vətənpərvər Azərbaycan gəncliyi” devizi altında “Zabit olmaq, hərbi vəzifə daşımaq gənclərimizin ən müqəddəs vəzifələrindəndir” mövzusunda “Çağırışaqədərki hazırlıq” fənni üzrə açıq dərs keçirilib.

Hərbi rəhbər Vasif Qarayev gənclərimizin mənəvi-psixoloji baxımdan hərbi həyata hazırlığı üçün xüsusi əhəmiyyətə malik "Çağırışaqədərki hazırlıq" fənni üzrə açıq dərsi nümunəvi formatda qurub. Hərbi intizama uyğun olaraq sıra baxışı keçirildikdən sonra şagirdlər hərbi kabinetdə öz yerlərini tutublar.

Şəhidlərimizin və ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra şagirdlərə açıq dərsin mövzusu təqdim edilib.

Şagirdlər qruplara bölünüb, motivasiya mərhələsində film və slayd nümayiş olunub. Tədqiqiat aparılması üçün komandalara suallar təqdim edilib. "Çağırışaqədərki hazırlıq" fənninin tədrisi üçün zəruri alət və vasitələrin əyani nümayiş və tətbiq edildiyi dərsdə cavablar dinlənilib. Təhlükəsizlik qaydaları izah olundu və təlimata uyğun olaraq vasitələrin praktik istifadəsi həyata keçirilib. Qiymətləndirilmə aparılıb.
SHXÇDX-nin idarə rəisi polkovnik-leytenant Füzuli İsmayılovun, Xidmətin Nizami rayon idarəsinin zabitlərinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Mürsəl Qurbanovun, məktəbin direktoru Kəmalə Rəsulovanın bir sıra məktəblərin hərbi rəhbərlərinin iştirakı ilə keçirilən açıq dərsdə öz məzmunu etibarı ilə şagirdləri Azərbaycanın Silahlı Qüvvələri haqqında məlumatlandıran, hərbi nizamnamə qaydalarını mənimsədən, ordu həyatı ilə tanış edən, hərbi xidmətə fiziki və mənəvi-psixoloji cəhətdən hazırlayan bu fənnin əhəmiyyətindən danışılıb. Qeyd edilib ki, belə nümunələr şagirdlərdə orduda xidmətin müqəddəs borc və şərəf işi olmasına inam yaradaraq, vətənpərvərlik, dözümlülük, cəsurluq, intizam və şəxsi məsuliyyət hissi kimi mənəvi keyfiyyətləri inkişaf etdirir.

SHXÇDX-nin idarə rəisi polkovnik-leytenant Füzuli İsmayılov çıxışında qeyd edib ki, ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə milli ordu quruculuğu prosesinin əsası qoyulmuş, qısa müddətdə bu sahədə ciddinailiyyətlər əldə edilmiş, vahid komandanlıqdan idarə edilən Silahlı Qüvvələr formalaşdırılmışdır. Dahi şəxsiyyət Heydər Əliyevin müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyinin Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxardığını ifadə edib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Mürsəl Qurbanov bildirib ki, Ulu Öndərin Azərbaycanın gələcək inkişafı naminə müəyyənləşdirdiyi siyasət bu gün ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.

Açıq dərsdə 44 günlük Vətən müharibəsində şanlı zəfər qazanan Azərbaycan Silahlı Qüvvələrinin qüdrətindən bəhs olunub.




Facebook'da Paylaş