"Prezidentin inaqurasiya mərasimini Xankəndidə keçirməsinin sözlə ifadə oluna bilməyəcək qədər böyük mənəvi təsiri olar"
7 fevral növbədənkənar Prezident seçkilərinə sayılı günlər qalıb. Seçkilərdə 7 namizəd iştirak edir.
Qeyd edək ki, seçkilər ilk dəfə Azərbaycanın bütün ərazilərində keçiriləcək.
Maraqlıdır, seçiləcək Prezidentin inaqurasiya mərasimi Xankəndidə keçirilə bilərmi?
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu andiçmə mərasiminin Xankəndidə keçirilə biləcəyini söyləyib:"Mahiyyət etibarilə bu baş verə bilər. Lakin andiçmənin harada keçirilməsi Prezidentin özünün qərarından asılı olacaq. Aydın məsələdir ki, müstəqilllik əldə etdiyimizdən bəri ilk seçkilərdir ki, respublikamızın bütün ərazilərini əhatə edəcək. Bu tarixi bir hadisədir. Biz 1991-ci ildə müstəqilliyə qərar verəndə, artıq ərazilərimizin 1/3-nə faktiki olaraq nəzarət edə bilmirdik. Müvafiq olaraq müstəqilliyimizin 2020-ci ilə qədər olan dövründə Prezident, parlament və bələdiyyə seçkiləri heç vaxt bütün ərazilərimizi əhatə etməyib. Ona görə də hesab edirəm ki, bu seçkilər xalqımızın həyatında olduqca mühüm əhəmiyyət kəsb edən hadisədir".
E.Mirbəşiroğlu vurğulayıb ki, Prezidentin inaqurasiya mərasimini Xankəndidə keçirməsinin sözlə ifadə oluna bilməyəcək qədər böyük mənəvi təsiri olar:
"Sözsüz ki, bizim dövlətimiz və xalqımız üçün olduqca strateji əhəmiyyətli hadisələr baş verib. Məsələn, Şuşada qardaş ölkə Türkiyə ilə müttəfiqlik sazişi imzalandı. Bunun özü də çox mühüm simvolik əhəmiyyət daşıyırdı və böyük mesaj idi. Prezidentin Qarabağ ərazisində, Xankəndidə inaqurasiya mərasimini keçirməsi həm dünya azərbaycanlıları üçün təsirli bir hadisə olardı, həm də dünyaya böyük bir mesaj olardı. Eyni zamanda biz bir daha torpaqlarımıza sahibləndiyimizi və vəziyyəti dönməz etdiyimizi bütün dünyaya bəyan etmiş olardıq. Bunun çox böyük mənəvi, sözlə ifadə edilməyəcək dərəcədə təsir gücü olar".
Qeyd edək ki, seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaq.
Facebook'da Paylaş