Almaniyada iki yüksək vəzifəli şəxs Rusiyaya casusluqda şübhəli bilinir
Almaniyanın İqtisadiyyat Nazirliyində iki yüksək vəzifəli şəxs Rusiyaya casusluqda şübhəli bilinir.
Ordum.az xəbər verir ki, məlumatı “Die Zeit” qəzeti yayıb.
Qeyd olunub ki, Almaniya daxili kəşfiyyat xidməti enerji təchizatı sahəsində mühüm vəzifələr daşıyan iki məmurun Kremllə əlaqələrini araşdırır.
Məlumata görə, ölkənin iqtisadiyyat və iqlimin mühafizəsi naziri Robert Habekin müşavirləri bu ilin əvvəlində kəşfiyyatdan Rusiyaya qarşı sanksiyalara görə dayandırılan “Şimal axını 2” qaz kəməri layihəsi ilə bağlı sənədlərdəki uyğunsuzluqların araşdırılmasını tələb ediblər. Sənədlərin Almaniyadan çox Rusiyanın mövqeyinə yaxın olduğu bildirilib.
Almaniya mətbuatı “Rusiya casuslarının” ölkədəki dövlət qurumlarına sızması ilə bağlı narahatlıqların son vaxtlar ortaya çıxdığını yazıb.
“Die Zeit”də dərc olunub ki, kəşfiyyat hazırda iki şübhəlinin keçmişini və hökumət daxilində mümkün “rus casusları”nı araşdırır. Qeyd edilib ki, şübhəlilərdən biri əvvəllər təhsil almaq məqsədi ilə Rusiyaya səfər edib və onun Rusiya hökuməti ilə mümkün yaxınlığı aşkarlanıb.
Məlumatda bildirilib ki, casusluq iddiaları təsdiqlənərsə, bu, Avropada Rusiyaya qarşı sanksiyaların tətbiq edildiyi bir vaxtda dövlət təhlükəsizliyi sahəsində çox ciddi boşluq olaraq qiymətləndiriləcək.
Qeyd edək ki, Rusiyanın enerji nəhəngi olan “Qazprom” Almaniyaya təbii qaz nəqlini müvəqqəti olaraq dayandırıb.
Facebook'da Paylaş