Heydər Əliyev adına Hərbi İnstitutda məzunların buraxılış mərasimi keçirilib

21-06-2022, 11:07

Heydər Əliyev adına Hərbi İnstitutda məzunların buraxılış mərasimi keçirilib

Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutun məzun buraxılışına həsr olunan təntənəli mərasim keçirilib.

Ordum.az xəbər verir ki, sayca 22-ci olan buraxılışda Müdafiə Nazirliyinin nümayəndələri, zabitlər, institutun pedaqoji kollektivi, eləcə də valideynlər iştirak edib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra hərbi orkestrin müşayiəti ilə şəxsi heyətin ifasında Azərbaycanın Dövlət Himni səsləndirilib.

Milli Müdafiə Universitetinin rektoru vəzifəsini icra edən, professor, general-leytenant Heydər Piriyev çıxış edərək əlamətdar gün münasibətilə kursantları və onların valideynlərini Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib, məzunlara cansağlığı, ailə səadəti və xidmətdə uğurlar arzulayıb. O bildirib ki, bu il institutu bitirən məzunlar arasında 2 Qırğızıstan, 7 Tacikistan vətəndaş var: "Silahlı Qüvvələr, eləcə də institutumuz Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub. Bu gün məzunlarımızdan 4 nəfəri təhsil dövründə yüksək nəticə göstərdiklərinə görə bir başa baş leytenant rütbəsi ilə təltif olunub. 44 günlük Vətən müharibəsində qazanılan qələbə xalqımızın həmrəyliyi, Ali Baş Komandanın ətrafında sıx birləşən insanların inamı, Azərbaycan Ordusunun məğlubedilməzliyi, hünəri və qətiyyəti idi. Tarixi qələbə milli kimliyimizi, gücümüzü və əzmimizi bütün dünyaya nümayiş etdirdi".

Heydər Əliyev adına Hərbi İnstitutun tədris və intizamda fərqlənən məzunlarına diplom və qiymətli hədiyyələr təqdim edilib.

İnstitutun Döyüş bayrağının təhvili və qəbulu mərasimi keçirildikdən sonra yaş kötüyünə simvollar vurulub.

Nümunəvi orkestrin və kursantların ifasında məktəbin marşı ifa edilib.

Sonda kursantlar təntənəli hərbi marşın sədaları altında tribunanın önündən keçiblər.




Facebook'da Paylaş