SİZƏ MƏKTUB VAR

28-05-2022, 08:32

SİZƏ MƏKTUB VAR


SİZƏ MƏKTUB VAR!


“Poçtalyon” bir obraz kimi illərdi qəlbimdə içi dolu sehrli məktublarla çantasını çiynindən aşırıb yolumu gözləyir. Bu obrazı nə qədər çox istəsəm də, onu hələ də, bir nağıla çevirə bilməmişəm. Axı indiyədək bir poçtalyonla görüşməmişdim. Nəhayət, bu günlərdə həmişə kənardan müşahidə etdiyim o xanım poçtalyonla görüşdüm. Mən onu gözlədiyim kimi, o da, sanki məni gözləmişdi. Buna görə söhbətimiz əsgər məktubu kimi maraqlı oldu. Gəlin əvvəlcə poçtalyon Elmira xanımla yaxından tanış olaq.
Əvvəlcə fəhlə, sonra bədii rəhbər...
İsmayılova Elmira Niftəli qızı 1966-cı il yanvarın 6-da Bakıda, Binəqədi rayonunda zəhmətkeş bir ailədə anadan olub. Orta təhsilini 26 nömrəli tam orta məktəbdə alıb. 1983-cü ildə sənədlərini M.Əliyev adına İncəsənət Universitetinin Mədəni-Maarif fakültəsinə versə də müsabiqədən keçə bilməyib. Ona görə hərbi zavodda çalışmağa başlayıb. Nəhayət, 1986-cı ildə həmin universitetdə yenidən imtahan verib və təşkilatçı-metodist şöbəsinə daxil olub. Ali təhsilini bitirib və Yasamal rayonunda Mədəniyyət Evində bədii rəhbər kimi çalışmağa başlayıb. Elmira xanımın başqa bir istedadı da ona qol-qanad verib. O, xalq artisti Ş.Axundovanın “Fərəh” instrumental ansamblında zərb alətində ifa edirmiş…
Qəzetdə müxbir, şöbə müdiri kimi
Elmira xanım “Supermarket qəzetlər qrupu”ndan olan “Həftə” qəzetində çalışıb. Əvvəlcə reklam bölməsində işləyib, sonra onu işgüzarlığına görə “Sağlamlıq” şöbəsinə müdir təyin ediblər. O vaxt Səhiyyə naziri O.Şirəliyevlə görüşüb və onunla masahibə aparıb. Sonra anası xəstələnib və buna görə işdən ayrılmalı olub.
Qismətində poçtalyon olmaq varmış
Aradan illər keçib, işləmək, pul qazanmaq istəyi baş qaldırıb. Elmira xanım yaşadığı Xırdalan şəhərində Poçt mərkəzinə müraciət edib. Adını yazdırıb və boş yer olanda onu çağıracaqlarını gözləyib. Anası rəhmətə gedəndən sonra bir müddət özünə gələ bilməyib, işi-gücü unudub. Aradan iki il keçəndən sonra yenidən poçta gedib və öyrənib ki, Quşçuluq massivində poçtalyon kimi işçi tələb olunur. Elmira xanım məvacib az olsa da işləmək arzusuyla işə başlayıb.

Poçtalyonun unudulmaz anları
Elmira xanım hələ təzə işə başlayanda bir ana ilə oğul əsəbi halda poçta daxil olublar. Demə, onlar vacib məktub gözləyirmişlər. Elmira xanım məktubu aparanda evdə olmayıblar. Odur ki, bundan xəbərsiz poçta “hücum” çəkib məktubu tələb etməyə başlayıblar. Elə bu ara qarışan vaxtda arxadan iş yoldaşı qışqırıb ki, “o hələ təzədi”. Elmira xanım sakitcə ona cavab verib ki, bunun abonentə heç bir aidiyyəti yoxdur, əsas odur onun məktubunu vaxtında çatdırasan. Deyir, bundan sonra kimsə evdə olmayanda qapısına bildiriş qoyurdum ki, ona məktub olduğunu bilsin. Bir dəfə də hansısa hərbçi ona gələcək dəyərli bir məktubu gözlədiyini deyir. Deyirdi ki, məktub gəlsin sənə muştuluq verəcəm. Həqiqətən də, elə məktubu alanda çox sevinib və onun hədiyyəsini verib.
Elmira xanım deyir ki, bir dəfə poçta qız gəlib ondan xahiş edir ki, ona olan məktubu evdə özündən başqa heç kəsə verməsin. Demə, qız sevdiyindən məktub gözləyrmiş. Elmira xanım da onun dediyi kimi eləyib.

Hər şey Qələbəmiz üçün
44 günlük Vətən Müharibəsində Elmira xanımın da işlədiyi poçt şöbəsi fasiləsiz çalışıb. Deyir, valideynlər əsgər balalarına sovqat, məktub göndərirdilər. Şagirdlər əsgərlərə öz rəğbətlərini məktubla bildirirdilər. Əsgər məkubları da olurdu...
Elmira xanım deyir ki, Qələbə xəbərini onlar da dogma iş yerində göz yaşlarıyla qarşılayıblar. Poçtun müdiri Aybəniz xanımın da doğmalarından şəhid olanı olub, kiminin yaxını, qohumu qazi olub. Bir də axı nə fərqi var, bütün Şəhidlər bizimdi, qazilər əzizlərimizdi…
Deyir, hamımız Zəfər günü sevincdən ağlamışdıq… İndiki gənclik böyük tarix yaşadı və tarix yazdı. Bir də müharibə olmasın. Dövlətimizə, millətimizə zaval gəlməsin...

Mina Rəşid




Facebook'da Paylaş